“Azərbaycanı bu il COVID-19-un səbəb olduğu iqtisadi geriləmədən və işğal altındakı ərazilərinə nəzarəti yenidən bərpa etdikdən sonra iqtisadi artım gözləyir”.
7times.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov “Bloomberg”ə müsahibəsində deyib.
O bildirib ki, 2021-ci ildə ölkədə ümumi daxili məhsul həcmində 3,4 faiz artım proqnozlaşdırılır. Nazirin sözlərinə görə, Azərbaycanın 2021-ci ilə dair proqnozları Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir. M.Cabbarov qeyd edib ki, bu il Dünya Bankı Azərbaycan iqtisadiyyatının 1,9 faiz, Beynəlxalq Valyuta Fondu isə 2 faiz böyüyəcəyini proqnozlaşdırıb.
Nazir Azərbaycanda vaksinasiya prosesinin də iqtisadi rifah üçün əhəmiyyətli olduğunu deyib:
“Müharibədən sonra yeni geosiyasi reallıqlar, geri qaytarılan ərazilərdə böyük yenidənqurma işləri, sərhədlərin yenidən açılması və regiondakı nəqliyyat əlaqələri Azərbaycanda böyüməyə və məşğulluğa əhəmiyyətli dərəcədə töhfə verəcək. İşğaldan azad edilmiş ərazilərin bərpasına 2,2 milyard manat (1,3 milyard dollar) sərf olunacaq”.
Onun fikrincə, istənilən halda orta illik 7 faiz həcmdə iqtisadi artımı tələb edən 10 illik inkişaf planına əsasən 2030-cu ilə qədər Azərbaycanda ÜDM-nin ikiqat artırılması bir qədər çətin hədəfdir. İqtisadi böyüməni artırmaq üçün həyata keçirilən işlərə nümunə gətirən nazir bildirib ki, 21 dövlət şirkətinin səmərəliliyini və korporativ idarəetməni artırmaq, onları özəlləşdirməyə hazırlamaq üçün dövlət holdinqinə tapşırıq verilib.
O qeyd edib ki, bu il Azərbaycanda dövlət şirkətlərinin, o cümlədən, SOCAR-ın hissələrinin satışa çıxarılması ilə bağlı planlar mövcud deyil. Lakin Azərbaycan bu günə qədər təklif edilməmiş yeni əmlakların daxil olduğu özəlləşdirmə proqramını qəbul etməyi planlaşdırır.
Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan sırf özəlləşdirmə aparma naminə qısa müddətdə dövlət şirkətlərinin özəlləşdirilməsinin həyata keçirilməsini doğru saymır. Buna görə də hazırda əsas məqsəd bu proses üzərində işləmək və səhmdar dəyərini artırmağa imkan verən investisiya holdinqi qurmaqdır.
İşğal edilmiş ərazilərdə qarşıdurmanın sona çatması ilə Qafqazda sabitliyin yaranmasının daha çox ticarət və tranzit imkanı yaratmaqla Azərbaycanın insanların sosial rifahına töhfə verən regional mərkəz kimi rolunu daha da artıracaq. Onun sözlərinə görə, Ermənistanla əməkdaşlıq da edilə bilər.
Nazirin sözlərinə görə, Rusiya, Ermənistan və Azərbaycanın birgə komissiyası regional nəqliyyat əlaqələrinin bərpası planları üstündə bu ay işə başlayacaq. O qeyd edib ki, qarşılıqlı əməkdaşlıq bölgədə iştirak edən bütün ölkələrə fayda gətirəcək.
Follow @7timesaz