Bu gündən orta ümumtəhsil müəssisələrində ibtidai və məktəbəqədər tədris distant formadan əyani formaya keçdi. Bəs şagirdlər məktəb daxilində necə qorunmalıdır?
7times.az-a müsahibə verən pediatr Kənan Qarayev indiki mövsümdə məktəblərin açılmasının düzgün olmadığını qeyd edib: “Normal zamanlarda da sentyabr-oktyabr, eləcə də mart-aprel aylarında uşaqlar arasında mövsümi respirator xəstəliklərin yayıldığı dövrdür. Xüsusilə də pandemiya dövründə bu daha da riskli hal alacaqdır. Heç olmasa aprelin sonu mayın əvvəllərində, yəni riskli dönəm ötüşdükdən sonra əyani tədrisə başlamaq məqsədəuyğun olardı”.
Ekspert məktəb daxilində sanitar-epidemioloji qaydalara ciddi əməl etməklə yoluxma sayını aşağı salmağın mümkünlüyünü vurğulayıb: “Məktəblərin açılmasına artıq qərar verilib. Məsləhət olaraq bildirmək istərdim ki, uşaqlar gün ərzində 4-5 saat məktəbdə vaxt keçirdikləri üçün onların tibbi maskaları iki-üç dəfə dəyişdirilməlidir. Sinif otaqları davamlı olaraq havalandırılmalı, fasilələrdə, dərs bitdikdən sonra, heç olmazsa, gündə bir dəfə antibakterial lampalardan istifadə olunmalıdır. Otaqlar mütləq antiseptik məhlullarla təmizlənməlidir. Əllərin gigiyenasına diqqət yetirilməli, məktəbə gələn zaman uşaqların və təhsil işçilərinin hər birinin bədən hərarəti ölçülməlidir. Məktəb həkimi tərəfindən burun, boğaz yoxlanmalıdır. Uşaqlar sinif daxilində məsafəylə əyləşməlidirlər”.
Ekspert tövsiyə edir ki, ilk aylarda heç olmazsa iki həftədən bir, həftədə bir dəfə olmaqla şagirdlər və təhsil işçiləri testdən keçirilsin: “Uşaqlar koronavirusa yoluxmur deyə bir söz yoxdur. Yoluxurlar, sadəcə simptomsuz və ya yüngül keçirə bilirlər. Bu da onların körpə vaxtlarında aldıqları peyvəndlər və ağciyərlərinin daha sağlam olması səbəbindəndir. 0-9 yaş arası uşaqlarda COVİD-19 səbəbiylə ölüm halları yox səviyyəsindədir. 9-18 yaş arası uşaqlarda isə ölüm riski yüzdə 2-3 faiz təşkil edir.
Uşaqların ən böyük daşıyıcı olduğunu qeyd edən eksper bildirib ki, bir uşaq gün ərzində 600 nəfəri yoluxdura bilər: “İndiyədək məktəblərin bağlanmasının əsas səbəbi uşaqların böyükləri yoluxdurmasının qarşısını almaq idi”.
Təranə Mirzəyeva
7times.az
Follow @7timesaz