“Mən müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə göstəriş vermişdim ki, əlavə istehkamçı taborlar yaradılsın və onlar yaradılıbdır. Azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı mənə müntəzəm olaraq məlumat verilir və bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər”.
7times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir. Əlbəttə, Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür. Ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin. Çünki əvvəlki agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi, say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir. Dəyən ziyanın qiymətləndirilməsi, infrastruktur layihələrinin icrası, evlərin tikilməsi, iş yerlərinin yaradılması – əgər bu işlər görülməsə, insanlar gedib o torpaqlarda necə yaşaya bilərlər? Gərək ev-eşiyi, şəraiti, suyu, elektriki, yolu, məktəbi, xəstəxanası olsun. Bu, böyük, genişmiqyaslı bir işdir. Mənfur düşmən işğal edilmiş və azad olunmuş torpaqlarda hər şeyi dağıdıb. Hətta son günlərə qədər yaşadıqları evləri də çıxarkən məhv edib, yandırıb, ağacları qırıb, xüsusilə Kəlbəcər və Laçın rayonlarında. Ağacların bir hissəsini yük maşınlarına doldurub Ermənistana satmağa aparıb. Qalan ağacları, sadəcə olaraq, qırıb ki, bizə qalmasın. Özləri tikmədikləri, – azərbaycanlıların yaşadıqları evləri ki, onları zəbt etmişdilər, – yandırıblar, dam örtüklərini, pəncərə çərçivələrini, sanitar qovşaqlarını çıxarıb aparıblar. Bu biabırçı kadrlar xarici mediada da kifayət qədər işıqlandırılmışdır. Görün, onlar nələri özləri ilə aparırlar?! Sanitar qovşaqlarını. Mənfur xuntanın özünə ofis yaratdığı Şuşa şəhərinin keçmiş raykom binasında kondisionerləri, radiatorları bu qaçaqaçda çıxarıblar. Çünki biz bilirdik ki, onlar oradan necə qaçırdılar. Bəlkə də qaçışda rekord nəticələr göstərmişlər. Amma bu qaçaqaçda da bellərinə yəqin ki, radiator, kondisioner bağlayıb Ermənistana qaçırdılar. Yəni, bizim bütün infrastrukturumuz, binalar yerlə-yeksan edilib. Ona görə hər kəs başa düşməlidir ki, bu işin miqyası nə qədər böyükdür və Azərbaycan bu bərpa işlərinə təkbaşına start verib. Biz heç kimdən yardım gözləmədən buna start vermişik və bütün işlər plan üzrə gedir. Ona görə, siz Müdafiə Nazirliyi ilə sıx əməkdaşlıq etməlisiniz, onlarla görüləcək işlərin cədvəlini birgə tutmalısınız, hansı sahələr daha əvvəl təmizlənməlidir, yəni, burada da metodologiya var, dünya metodologiyası var, peyk təsvirləri var”, – Prezident bildirib.
Follow @7timesaz