“Azərbaycanda bəzi deputatlar, məmurlar ölkədə olan kommunal xərcləri, ictimai nəqliyyatda gediş haqqını tez-tez Avropa ölkələri ilə müqayisə edərək, “görürsüz, bizdə ucuzluqdur” deyirlər. Amma heç biri Avropadakı maaşları, sosial yardımları, təqaüdləri yada belə salmırlar. Bu alma ilə armudu deyil, alma ilə süzməni müqayisə etmək kimi bir şeydir».
7times.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.
O, bildirib ki, Azərbaycanda minimum əmək haqqı 250 manatdır: “Bugünkü məzənnə ilə 124 avro. Avropanın ən kasıb ölkəsi olan Bolqarıstanda isə minimum əmək haqqı 332 avrodur, yəni 680 manat. Keçmiş SSRİ respublikalarından Litvada minimum əmək haqqı 642 avro (1315 manat), Estoniyada 584 avro (1197 manat), Latviyada isə 500 avrodur (1025 manat). Mən bilərəkdən Şərqi Avropa və keçmiş SSRİ-yə aid olan ölkələrdən misal çəkdim. Amma bizim bəzi qalstuklu müəllimlər Almaniyanı, Fransanı misal çəkirlər, Almaniyada minimum əmək haqqı 1614 avro (3308 manat), Fransada isə 1555 avro (3187 manat) təşkil edir. Minimum əmək haqqının ən yüksək olduğu ölkə isə Lüksenburqdur – 2202 avro (4500 manat), kiçicik bir ölkədir, bizim 20 məmurun villasını bir yerə toplasan, elə Lüksenburq qədər ərazi yaranar. Ağla-məntiqə ziyanlı olan müqayisələrlə bəzi məmurlar, deputatlar cəmiyyətdə olan narazılığı daha da artırdıqlarının fərqində belə deyillər…”
Follow @7timesaz