Xaricdən gətirilən mallara limitin 3 dəfədən çox azaldılması ilə bağlı məsələyə gec münasibət bildirməyimin səbəbi hadisələri izləməyim idi. Gömrük komitəsinin gətirdiyi arqumentlər o qədər sağlam və cəlbedicidir ki, adam istəyir ki, Səfər müəllimə heykəl qoysun. Deyir ki, “biz Avropa İttifaqı ölkələrində olduğu kimi, şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizm hazırlanmasını təklif edirik”. Səfər müəllim siz zəhmət olmasa birinci Azərbaycan xalqına Avropa İttifaqında olduğu kimi yaşayış, əmək haqqı, səhiyyə, təhsil və sosial hüquqlar təmin edin və sonra onlara oxşamağa çalışın.
7times.az xəbər verir ki, bu fikirləri şəxsi facebook səhifəsində millət vəkili Razi Nurullayev qeyd edib. Deputat bildirib ki, 1500 dollarlıq aylıq limit 800 dollara, poçt xidmətləri ilə birdəfəlik sifarişi 1000 dollardan 300 dollara endirilib.
“Səhv etmirəmsə, 2014-cü ildə Prezident sərəncam verdi və ölkəyə gətirilən məhsulların məbləği 10,000 manata qaldırıldı. Hamı bayram etdi ki, dolanışıq olacaq. Üstündən iki ay keçməmiş, manatı sizin kimi düşüncə sahibləri məhv etdi. Oğurluqlar milyardlarla ölçülürdü və nəticədə manat can verdi. Məcburən iki ay öncə verilmiş Prezident sərəncamı dəyişdirldi. İnsanların ümidi qırıldı, gələcəyə inamı öldü. Siz isə ağır vəziyyəti daha da ağırlaşdırısınız, köhnə yaranı, didib qan çıxarırsınız.Nədir, xalqa qənim kəsilmisiniz?
Camaatın başı xarab olub ki, gedib İrandan, Türkiyədən, Gürcüstandan və Rusiyadan ərzaq alır, maşın alır, digər ehtiyacları olan məhsul və avadanlıqları alıb gətirir? Əgər o, öz ölkəsində onları ucuz ala bilsəydi, dolanışığı olsaydı, niyə sərhədlərdə növbəyə dayanıb, gömrük işçiləri ilə sözləşə-sözləşə, şəxsiyyətini, ləyaqətini alçalda-alçalda mal gətirir? Sən ona ləyaqətli yaşayış təmin et, o gedib sərhədlərdə növbəyə dayanmayacaq. Sizin və sizin kimi düşünənlərin məqsədi ölkədə narazılıqları artırmaqdır, insanları narazı salmaqdır
Bu o deməkdir ki, cənab Prezident müşavirədə desin ki, Gömrük Komitəsi daha çox vergi toplayıb. Sizin döşünüzə bir medal taxsınlar, vəzifənizi böyütsünlər. Ay qardaş, ay dostum, əzizim, iki gözüm, Prezident demir e, gedin camaat üçün gələn işıq yerlərini qapadın, onu daha da kasıblaşdırıb, büdcəni doldurun, pul qazanmağa qoymayın, qazandığını da müxtəlif əndrabadi qanunlarla tutub əlindən alıb narazı salın. Siz niyə hər şeyi tərsinə başa düşürsünüz? Çünki, sizə elə sərf edir, ancaq bu!