Cəmiyyət

Uşağımıza güvənməyi öyrənməliyik!

Uşağımıza güvənməyi öyrənməliyik!backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə artan intiharlar və intiharların fonundakı problemlər barədə “Vətəndaş” İctimai Birliyinin sədri Günel Səfərova 7times.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

Son zamanlar intiharlarının sayının artdığını görürük. Xüsusilə də gənc qızların intiharında ailə münasibətlərindəki problemlər əsas səbəblərdən biri kimi göstərilir. Sizcə, bu problem son zamanlarda aktuallaşıb yoxsa həmişə cəmiyyətimizdə olub?

– Ailə insanın formalaşmasında mühüm rol oynayır. Hal-hazırda klassik ailələrin ənənəvi tərbiyə üsuluna qarşı yeni nəslin müqaviməti var. Uşaqlar əsassız qadağalar, izah edilməyən məhdudiyyətlər və seçimlərinə hörmət edilməyən mühitlə barışmırlar. Ailə üzvləri arasındakı münasibət, gərginliklər onlara birbaşa təsir edir. Təəssüf ki, bəzi hallarda da intihara əl atırlar. Bütün intiharların kökünü dərindən araşdırsaq  ailə ilə münasibətlərin rolu olacaqdır. Son zamanlarda baş verənlər də fərqli dəyərlərin sanki toqquşmasıdır.

– Götürək Sevil Atakişiyevanin intiharını. Sevil intihar etməsə, bir yol tapıb mübarizə aparmağı seçsə, o hara yaxud haralara müraciət edə bilərdi? Ümumiyyətlə, bu gün Azərbaycan qanunvericiliyində bu hallarla bağlı nələr var?

– Əlbəttə ilk olaraq polisə müraciət etmək olar. Məişət Zorakılığı haqqında qanun zorakılıq qurbanını qısa və ya uzun müddətli orderlə təmin edə bilər. Ailə, Qadın, Uşaq Məsələləri üzrə Komitəyə, ayrı ayrı QHT-lərə də müraciət edilə bilərdi. Amma bunlar nə dərəcədə effektlidir? Ailə ilə münasibətlərin daha da kəskinləşməsindən qorxan gənc qızlar bunu etmirlər. Effektli çalışan qaynar xətt xidməti də mövcud deyil. Bu halda daha çox psixoloq xidməti almaq daha faydalı olardı, amma onların əksəriyyəti maddi resurs tələb edir. Çox heyif ki, Sevil hadisəsində nə ailəsi, nə ətrafı onun həssas psixoloji vəziyyətini nəzərə almayıb və ya heç görməyiblər də. Xüsusi ilə ailəsi haqqında yazdıqları, ailə üzvlərinin müsahibələrindən görünür ki, o  mənəvi zorakılıq görüb.

– Etiraf edək ki, bizim cəmiyyətimizdə mental dəyərlərin böyük rolu var. Bəzi hallarda şiddət, psixoloji təzyiq kimi şeyləri normal qəbul edərək bunu ailə işi hesab edənləri də görürük.

– Bizdə ictimai qınağın obyekti doğru seçilmir. Cəmiyyətdə bir səmimiyyətsiz dəyərlər sistemi yaranıb. Namus, qeyrət anlayışları qadına yüklənmiş bir “dəyər” kimi qiymətləndirilir. Övladının xoşbəxtliyindən daha çox ətrafın fikirləri önəm daşıyır. Gənc nəsil bununla razılaşmır və valideyinlər yeni kommunikasiya formaları seçmək məcburiyyətində qalır. Azərbaycanın çox gözəl dəyərlərini kənara qoyub daha çox əsassız yazılmamış qanunlarla uşaqlarımızın həyatını cəhənnəmə çevirməyə ixtiyarımız yoxdur. Unutmayaq onların dünyaya gəlmək qərarını biz vermişik və bizim mülkiyyətimiz deyillər. Uşağımıza güvənməyi öyrənməliyik.

Hazırladı: Aytac Sahəd