İqtisadiyyat

Azərbaycanda çörək və un bahalaşacaqmı? – Rusiyada güclü qiymət artımı var

Azərbaycanda çörək və un bahalaşacaqmı? – Rusiyada güclü qiymət artımı varbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə ölkə başçısının imzaladığı fərmanla Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən (ƏDV) azad edildi. Bundan əvvəl isə eyni istiqamətlərdə güzəştlər 2021-ci il yanvarın 1-dək qüvvədə olub.

7times.az xəbər verir ki, “Report” sözügedən fərmanın ölkədə buğda idxalına, buğdanın, buğda ununun və çörəyin istehsalı və satışına, qiymətlərə nə kimi təsir göstərəcəyi, eyni zamanda pandemiya fonunda bu sahədə yaranan mənzərə ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

«Neon Un» fabrikinin direktoru Arif Həsənov qeyd edib ki, belə bir addımın atılması çörəyin qiymətinin qalxmasına mane olacaq:

“ƏDV-dən azad olunma əvvəllər də var idi. Lakin uzadılma müddəti bitmişdi və həmin müddəti yenidən artırdılar. Bu, çörəyin bahalaşmaması üçün dövlət tərəfindən görülən çox vacib bir tədbirdir. Dövlətin gördüyü tədbirlər nəticəsində pandemiyanın yarada biləcəyi problemlər də bu sahədən yan keçib. Dövlət bir neçə müəssisəyə, o cümlədən bizim fabrikə vaxtında buğda almaq üçün faizsiz pul ayırdı. Nəticədə ölkəyə buğda ehtiyatı gətirildi. Hazırda Azərbaycanda təzə sezona kimi kifayət qədər buğda var.

Eyni zamanda, bu yaxınlarda İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabineti ilə satılan unun hər tonuna görə dövlət tərəfindən fevral, mart, aprel ayları ərzində 35 manat subsidiyanın verilməsi haqqında qərar qəbul etdi. Ona görə də vəziyyət sabitdir. Un ehtiyatı da kifayət qədər çoxdur. Bu səbəbdən də çörəyin qiymətinin qalxmasına heç bir əsas yoxdur. Hazırda da çörəyin qiyməti stabildir.

Azərbaycana buğda idxalı Rusiyadan olur. Rusiyada hazırda çox güclü qiymət artımı var. Martın birindən Rusiyada ixrac olunan buğdanın hər tonuna dövlət 50 avro məbləğində gömrük rüsumu tədbiq edib. Ölkəmizdə vaxtında buğda ehtiyatı yaradılmasa idi, xaricdən buğda alıb gətirmək çox çətin olacaqdı və unun da qiyməti hədsiz dərəcədə bahalaşacaqdı.

Bu zaman böyük həcmdə subsidiyanın verilməsi lazım olacaqdı. Dövlətin vaxtında gördüyü tədbirlər nəticəsində bu təhlükə artıq aradan qalxıb. Odur ki, nə çörək, nə də unla bağlı heç bir qiymət artımı gözlənilmir. Subsidiyanın müddəti bitən vaxta qədər artıq yeni buğda sezonu gəlib çatacaq.

Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Taleh Qasımov da bazarda sabitliyin hökm sürdüyünü deyib: “Hazırda dünyada pandemiya və quraqlıq mövcuddur. Quraqlıqla əlaqədar qiymətlər artmışdı. Hökumət vaxtında atdığı tədbirlər nəticəsində ölkədaxili qiymətlərin artmasının qarşısını ala bildi. Belə ki, sahibkarlara istehsal olunan unun bir tonuna görə 35 manat subsidiya verilir və bu da imkan verir ki, onlar qiymətləri stabil saxlasınlar.

Bunun nəticəsində unun və çörəyin qiyməti qalxmır. Əhalinin aztəminatlı hissəsinə də bu bir töhfə oldu. Bazarda da xeyli stabillik yarandı. Assosiasiya olaraq hesab edirik ki, hökumətin bu addımı vaxtında atılıb və verilən qərar da düzgün qərardır.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bir çox ölkələr və qurumlar pandemiyanın kənd təsərrüfatına təsir etmədiyini hesab etsə də, həm BMT-nin Aqrar İnkişaf Mərkəzinin, həm Beynəlxalq Valyuta Fondunun müəyyən xəbərdarlıqları olub ki, əslində pandemiya kənd təsərrüfatı sahəsində də fasilələrin yaranmasına gətirib çıxarıb:

“Bəzi ölkələrdə hərəkətin məhdudlaşdırılması, bəzilərində istehlak qabiliyyətinin aşağı düşməsi səbəbindən fermerlərin stimulunun azalması və digər amillər istehsalata neqativ təsir göstərib. Buna görə də 2020-ci ilin xüsusilə son iki rübündə kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, buğdanın qiymətlərində əhəmiyyətli səviyyədə artım müşahidə olundu. Bu proses 2021-ci ilə də keçid etdi.

Azərbaycan da bu sahədə həssas ölkələr qrupuna daxildir. Çünki ölkəmizdə ərzaq məqsədilə istifadə olunan taxılın, demək olar, 100%-i idxal olunur. Yəni Azərbaycanın yerli istehsalı daha çox keyfiyyət baxımından heyvan yemlərinin hazırlanması və digər məqsədlərə yararlıdır. Azərbaycanda un və insan qidasının istehsalında lazım olan taxılın 100%-ə yaxın hissəsi idxal olunur. Təbii olaraq dünya bazarında baş verən dəyişiklik Azərbaycan bazarına da sirayət etməli idi. Bu proses baş verdi. Bundan əlavə Azərbaycanın özündə müəyyən faktorlar qiymətin bahalaşmasını şərtləndirirdi. Burada xüsusilə dizelin bahalaşması faktorunu qeyd etmək lazımdır. Çünki dizel xərci bu prosesin bütün mərhələlərində maya dəyərinə daxil olan xərc kimi 33% artmaqla sahibkarlıq və istehsalat xərclərini artırdı. Bunun nəticəsi idi ki, hökumət həm vergi güzəştlərinin, həm idxalla bağlı subsidiyaların verilməsi istiqamətində qərarlar qəbul etdi.

Subsidiyalar qısamüddətli dövrü əhatə edir və yaranmış hazırkı şəraitdə qısamüddətli çağırışları neytrallaşdırma məqsədi daşıyır. Buna baxmayaraq hökumət mümkün qədər çalışır ki, çörəyin qiymətinin ölkədə bahalaşmasının qarşısını alsın. Buna müəyyən qədər nail olunacaq. Xüsusilə də kütləvi şəkildə istehlak olunan çörək növləri üzrə hökumət həm administrativ yolla, həm də iqtisadi alətlərdən istifadə etməklə qiymətlərin artmasına imkan verməyəcək. Amma kütləvi şəkildə istifadə olunmayan digər un məmulatları və çörək növlərinin qiymətləri artıq bahalaşıb. Burda söhbət təkcə şirniyyat məhsullarından yox, çörəyin müxtəlif növlərindən də gedir. Məsələn, “təndir çörəyi, “lavaş” kimi məhsulların qiymətində artıq bahalaşma baş verdi.

Ekspert hesab edir ki, proses yeni mövsüm dövrü başlayana qədər, yəni təqribən mayın sonu, iyunun əvvəllərinə qədər davam edəcək: “Bir sıra ölkələr, xüsusilə də Azərbaycanın əsas təchizatçısı olan Rusiya, Qazaxıstan, Kanada, Ukrayna kimi ölkələr bəzi hallarda məhsulun ixracı ilə bağlı məhdudiyyətlər tətbiq edirlər. Bu sahədə fəaliyyət göstərən şirkətlər əvvəlki qədər aktiv deyillər və bazarda rəqabətlilik aşağı düşüb. Ona görə də iki ay ərzində müvafiq təzyiqlərin qalacağını düşünürəm.

Ondan sonra isə bazarda qiymətlərin dinamikliyi daha çox istehsalat prosesinin gedişatından, məhsuldarlıqdan və tələbdən asılı olacaq. Kənd təsərrüfatı məhsullarının əvvəlcədən istehsalını proqnozlaşdırmaq çox çətindir. Aqrar sahə çox riskli sahədir. Ona görə də qiymətlərin hansı istiqamətdə olacağını, bazarda təzyiqin hansı formada yaranacağını demək çətindir”.