Cəmiyyət

Paşa Talıblı: “Dərddi qaranlığa məni öyrədən…”

Paşa Talıblı: “Dərddi qaranlığa məni öyrədən…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

*
…Bu gecə də gəldi keçdi,
keçdi, az durdu, sağ olsun!
…sağ olsun, qara libası,
qarı bazburdu, sağ olsun!

…gecə var qalanı yalan!
Bir şahdı – qalanı alan.
…başımda gündüzdən qalan
qurdu azdırdı, sağ olsun!

…gəldi üstümü kəsdirdi,
ruhuma əl də gəzdirdi..
…yenə könlümü küsdürdü,
şer yazdırdı, sağ olsun!

*
Sənə sevdalıyam…sənə
yalnızca, yalnızca…gör də!
…sevdalanmış rüzgar röya,
fəsillər də sirdə, sirdə!

Mənəm o deyilən naşı…
İçindən oydum hər daşı!
…hər şey – tablo, vaxt, göz yaşı,
hər yer pəjmürdə, pəjmürdə!

…hərzələndik hərzə düşdük,
hər yola hər üzə düşdük.
…bilməm, nədən tərsə düşdük-
mən göydəyəm, ruhum yerdə!

Vaxtdı…üç günə beş günə
bal kimi işıq köşkümə.
Sənə…heç kimə, heç kimə,
sənə sevdalıyam…bir də.

*
…Dərddi bu canımı fırladan elə!
Fırlanır dövrəmdə dərdin neçəsi.
Mən dərdi gecələr çəkirəm, qardaş…
Yaman uzun olur dərdin gecəsi!

…dərddi qaranlığa məni öyrədən,
dərddi qaranlıqdan məni baxdıran!
…eh, yerim dərdlərin qaranlığıdı,
məni qaranlıqda tapır axtaran.

Dərdim çəkilidi, batmannan gəlir…
Ağırdı gözümün yaşı…çəkili!
Qaranlıq dövrüdü dərdi çəkməyin…
Dərd, qardaş, gecələr yaxşı çəkilir!

*
Mən həqiqət yolçusuyam!
…yoluma, izimə gəldim.
…məna axtara-axtara
səbr ilə dözümə gəldim.

…eşq yoxdusa diri döyəm!
Haqqa doğru yürüdəyəm.
…mən bir Tanrı müridiyəm,
nizama-düzümə gəldim.

…astarı üzə çevirdim,
əyrini düzə çevirdim.
.. yönümü sözə çevirdim,
çevrildim sözümə gəldim.

…nə qandım nə əbəs etdim,
haqqı haqla əvəz etdim!..
…dürlü hikmətlər vəz etdim,
eşq ilə həzzimə gəldim.

Nahaq sor, bəhs ara…vardı?
Eh…qeyri bəs hara vardı?
…beşikdən məzara vardım,
ağıma bezimə gəldim.

…bəyaza yaşıla çıxdım,
ağladım — yaşıma çıxdım!
…hər yanda qarşıma çıxdım—
alnıma dizimə gəldim.

Qatıb yerini, göyünü…
Gördüm əcəlim deyinir!
Dost- dedim, içdim meyini…
Paşam der- özümə gəldim.

*
Ah!..vüsalın dadı rəng – rəng,
yanğısı sarı — yaxşıdı!
Desəm, Xudam, kərəm eylə,
yaramı sarı…yaxşıdı!

…dili – dodağı ballısı,
ağ üzdə qara xallısı,
eşq ilə müdam hallısı
meylimə sarı yaxşıdı!

…Paşam, yaxşıya nə yaxşı?
Kimdi yaxşı ya nə yaxşı?
…məndən Yaxşıya nə yaxşı?
Yaxşıya Sarı yaxşıdı!

*
Mən kiməm- sorsalar dedim:
sözün zatından gəlirəm.
…mərtəbə-mərtəbə qalxdım-
yeddi qatından gəlirəm.

..hər gələn səsə çıxıram,
quru nəfəsə çıxıram.
…mən bir gün misə çıxıram,
bir gün altundan gəlirəm!.

…dərvişəm, şaham, vəliyəm-
mən könüllərə valiyəm.
…göyün üstündən halıyam,
yerin altından gəlirəm.

…ruhum canımnan pəsdədi,
ruhumu candan istədim.
…yada dost dedim, dost dedim!
Dostun yadından gəlirəm.

Paşam söylər nə söyləsin?
Yaxa dartsın can teyləsin…
Haqqın özü haqq eyləsin,
haqqın adından gəlirəm.

Paşa Talıblı
Rusiya…Volqoqrad şəhəri…