Bakı Nəqliyyat Agentliyi Saatlı rayonunda məktəb direktoru işləyən şəxsin avtobus sürücüsü işləməsi ilə bağlı məlumatlara münasibət bildirib.
7times.az xəbər verir ki, Agentliyin mətbuat katibi Mais Ağayev açıqlamasında yayılan məlumatları təkzib edib:
“Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirlərihəqiqəti əks etdirmir. Bildiririk ki, “BakuBus MMC”-də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə o bunu sadəcə paylaşım xatirinə edib”.
“BakuBus” MMC-də sürücü kimi işə qəbul qanunvericiliklə müəyyən olunan sistem əsasında həyata keçirilir. Sürücü kimi işə qəbul olunan namizədlər əvvəlcə xüsusi təlimlərə cəlb olunurlar. Təlimi keçən namizədlər Əmək Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə müvafiq olaraq daimi əsaslı əmək müqaviləsinin əsasında sürücü vəzifəsinə təyin olunurlar. Bu isə onların əmək hüquqlarının qorunması, həm də sosial təminatlarının həyata keçirilməsi baxımından çox əhəmiyyətlidir” – deyə Mais Ağayev bildirib.
Follow @7timesaz