Ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azalması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə tətbiq edilən karantin qaydalarının müvafiq tələblərini pozan vətəndaşlara qarşı cərimələrin tətbiq edilməsi davam edir. Bəzi vətəndaşlar cərimə məbləğlərinin çox olması, eyni zamanda pandemiya ilə əlaqədar olaraq iş yerlərinin bağlanması səbəbindən cərimələri ödəyə bilmədiklərini deyirlər. Belə olan halda xüsusən aztəminatlı ailələrin, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 manatlıq yardımını alan şəxslərin cərimələrinin ləğvi məsələsi gündəmə gəlib.
Maraqlıdır, karantin qaydalarını pozan bu vətandaşların cərimələri ləğv edilməlidirmi?
7times.az-ın məlumatına görə, məsələ ilə bağlı axar.az-a açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, karantin rejimi tam ləğv edilmədiyi müddətdə cərimələri ləğv etmək doğru deyil:
“Əlbəttə, mən də istəyərəm, vətəndaşlara yazılan cərimələr ləğv edilsin. Lakin bu, pandemiyadan sonrakı məsələdir. Hazırda belə bir şey etmək doğru deyil. Vətəndaşlarımız başa düşməlidirlər ki, həm tətbiq edilən karantin rejimi, həm də cərimələr onların təhlükəsizliyi üçündür. Mövcud vəziyyətdə cərimələnən şəxsləri bağışlamaq digər insanlar üçün də mənfi örnək olacaq. İnsanlar artıq düşünəcək ki, cərimələr bir müddət sonra ləğv olunacaq. Bu zaman bəs nə olacaq? Bu kimi cəza tədbirləri digər insanları da karantin qaydalarının tələblərini pozmaqdan çəkindirir”.
İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bildirib ki, cərimələnən vətəndaşların bir qisminin cərimələri bağışlana bilər:
“Çünki nəzərə almaq lazımdır ki, pandemiyanın ilk vaxtları həm insanların məlumatı az idi, həm də maariflənmə elə də geniş aparılmamışdı. Bundan başqa, maska, spirt, əlcək kimi çatışmazlıqların olmasını da nəzərə almaq lazımdır. Digər tərəfdən işsiz, aztəminatlı vətəndaşlarımızın sosial vəziyyətini də nəzərə alıb, belə bir qərarın verilməsini zəruri hesab edirəm”.
Millət vəkili Elman Nəsirov isə qeyd edib ki, cəmiyyətimizdə ciddi nizam-intizam çatışmazlığı var:
“Bilirsiniz, pandemiya ilə mübarizədə vətəndaşlardan üç şey tələb edilir: Tibbi maskadan istifadə, sosial məsafə saxlamaq, gigiyenik vasitələrdən istifadə etmək. Mən özüm də Milli Məclisə gedərkən, hətta iş otağımda işləyərkən tibbi maskadan istifadə edirəm. Bildiyiniz kimi, bir müddət öncə ölkəmizdə tibbi maska çatışmazlığı var idi. Lakin bu problem tez bir zamanda öz həllini tapdı. Onu da deyim ki, problemin belə qısa müddətdə həll edilməsində vətəndaşlarımızın çoxsaylı istəkləri böyük rol oynadı. Yəni vətəndaşlarımız anlamalıdır ki, onların istəkləri, müraciətləri dövlətimiz üçün önəmlidir. Əlbəttə, biz də istəmərik ki, kimsə cərimələnsin, lakin qanun qəbul edilib və hər kəs qanun qarşısında bərabərdir”.
Follow @7timesaz