Azərbaycan vətəndaşları COVID-19 pandemiyası dövründə aviareyslərin yerinə yetirildiyi ölkələrə hansı şərtlər nəzərə alınmaqla səfər edə bilərlər? Xaricə səyahət etmək istəyənləri ən çox düşündürən məsələlərdən biri məhz budur.
Maraqlı məqam odur ki, səyahət şərtləri bütün ölkələr üçün eyni deyil, bu da öz növbəsində, ciddi problemlər yaradır.
Bəs Azərbaycan vətəndaşlarının ən çox üz tutduğu ölkələr onları hansı şərtlərlə qəbul edir?
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşları ən çox 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticisimlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməlidir.
Bu tələb 6 yaşdan kiçik sərnişinlərə, gəlişdən ən azı 14 gün əvvəl peyvənd olunduqlarını təsdiqləyən COVID-19-a qarşı peyvənd sertifikatı olan sərnişinlərə və gəlişdən ən gec 6 ay əvvəl təqdim edilmiş, COVID-19-dan sağaldıqlarını təsdiq edən sertifikatı olan sərnişinlərə şamil edilmir.
Sərnişinlər Türkiyədə son təyinat məntəqəsində də PCR testdən keçə bilərlər. Bu qayda 6 yaşından kiçik sərnişinlərə şamil edilmir.
Türkiyəyə səyahət edən bütün sərnişinlər (https://register.health.gov.tr saytında) xüsusi Giriş Anketini doldurmalı, qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər. Anket doldurmaq tələbi Türkiyədən tranzit keçən və bu ölkənin sərhədini keçməyən sərnişinlər üçün məcburi deyil. Bütün sərnişinlər 14 gün müddətinə karantinə yerləşdirilə bilərlər.
Rusiyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 72 saat əvvəl COVID-19 testinin (yalnız PCR metodu ilə həyata keçirilən testlər qəbul edilir) neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim etməlidirlər. Rus və ya ingilis dilində tibbi sənədi təqdim etmək mümkün olmadığı təqdirdə, sənədin yola düşmə ölkəsinin rəsmi dövlət dilində və notarial qaydada təsdiq olunmuş rus dilinə tərcüməsinin təqdim edilməsinə icazə verilir. Eyni zamanda Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə Rusiya Federasiyası ərazisində qaldığı yerin ünvanının göstərildiyi xanalar mütləq doldurulmalıdır. Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına gedən azərbaycanlılar Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidirlər. Tələbələr təhsil aldıqları universitet tərəfindən verilmiş yazılı təsdiqi təqdim etməlidirlər. Təsdiq universitet tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə təqdim olunmalıdır.
KONKRET.az xəbər verir ki, Rusiya heç bir ölkə, o cümlədən Azərbaycan vətəndaşlarından “COVID pasportu” tələb etmir. Yalnız son 72 saat ərzində mənfi nəticəli PCR testi tələb olunur.
Sentyabrın 1-dən etibarən isə MDB və Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşları üçün “Путешествую без Covid-19” (“COVID-19-suz səyahət edirəm” tətbiqi işə salınacaq. Vaksin olunmaq və ya PCR test barədə məlumatları “Путешествую без Covid-19” tətbiqinə yükləyib, Rusiya ərazisinə daxil olmaq mümkün olacaq. Xarici vətəndaşlar üçün test bütün hallarda tələb olunur. Vaksin olunmuş Rusiya vətəndaşlarından isə ölkəyə giriş üçün PCR test tələb olunmur.
Hava nəqliyyatı ilə Gürcüstana səyahət edən Azərbaycan vətəndaşları da peyvəndlənməsindən asılı olmayaraq 72 saat ərzində alınmış PCR testinin cavabını sərhəddə təqdim etməlidir. Ölkə ərazisinə daxil olandan 72 saat sonra yenidən PCR testi vermək tələb olunur.
Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim edildikdə, Gürcüstana daxil olduqdan sonra təkrar 72 saat sonra test vermək məcburiyyəti qüvvədən düşür.
Digər hallarda Gürcüstana daxil olmaq üçün Azərbaycan vətəndaşları aşağıdakı şərtlərə riayət etməlidirlər:
– Məcburi onlayn formanı doldurmaq https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/. Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsi veriləcək. Vaksinasiyadan tam keçmiş sərnişinlər üçün bu formanın doldurulması vacib deyil.
– PCR testinin arayışı ingilis dilində olmalıdır. 10 yaşdan aşağı olan sərnişinlər PCR testi olmadan Gürcüstana daxil ola bilərlər;
– Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər;
– Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron poçt və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.
Ukraynaya səfər edən azərbaycanlılar isə nəzərə almalıdırlar ki, istisnasız olaraq Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır. Həmçinin aşağıda qeyd edilən sənədlərdən biri olmalıdır:
– ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə – Pfizer / BioNTech, Johnson & Johnson’s Janssen, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna, Sinopharm, CoronaVac (Sinovac) – tam peyvəndləmə kursunun keçirildiyini təsdiqləyən sənəd və ya girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT) üçün sürətli test və ya girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.
– 12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir.
Azərbaycanlılar Ukraynada PCR testindən keçə bilməz və ya özünütəcrid şəraitində qala bilməzlər. Test/ peyvəndləmə haqqında arayış və ya sığorta polisi olmadığı təqdirdə əcnəbilərin Ukrayna ərazisinə giriş və ya tranzitlə keçmək üçün Ukraynanın dövlət sərhədindən keçməsinə icazə verilməyəcək. Hava limanının tranzit zonasını tərk etməyən və Ukrayna sərhədini keçməyən (marşrutlarının son təyinat məntəqəsi olan ölkənin tələbləri ilə başqa bir qayda nəzərdə tutulmayıbsa) transfer sərnişinlərindən COVID-19 üçün PCR testinin neqativ nəticələri barədə arayışın və sığorta polisinin təqdim edilməsi tələb olunmur.
Ukraynada COVID-19 ilə bağlı anticisimlər barədə arayış isə qəbul edilmir.
Böyük Britaniyaya daxil olan və ya tranzitlə səyahət edən Azərbaycan vətəndaşları COVID-19 testinin mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər. PSR-test Birləşmiş Krallığa uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır. Arayış uçuş ölkəsi tərəfindən təsdiqlənmiş laboratoriyaların birində verilməlidir. Arayış üzərindəki sərnişin məlumatları (ad, doğum tarixi və ya yaş) pasportda və ya digər səyahət sənədində göstərilənlərlə uyğun olmalıdır. Arayış, onu verən laboratoriyanın əlaqə məlumatlarını da əhatə etməlidir. Arayışda onun düzgünlüyünü təsdiqləyən QR-kodun olması tövsiyə olunur.
Sərnişinlər Birləşmiş Krallıqda olduqları 2-ci və 8-ci gün ərzində öz hesabına COVID-19 testindən keçməlidirlər. Onlar aşağıdakı ünvanlarda əldə etdikləri ödəmə təsdiqinə sahib olmalıdırlar: https://quarantinehotelbookings.ctmportal.co.uk/ və ya https://www.gov.uk/guidance/providers-of-day-2-and-day-8-coronavirus-testing-for-international-arrivals.
İngiltərəyə daxil olan və ya tranzitlə səyahət edən sərnişinlər “Xalq Sağlamlığı Sərnişinlərini müəyyənləşdirmə forması”nı doldurmalıdırlar. Formaya iki COVID-19 testi üçün sifariş istinad nömrəsi və ya karantin otelinin bronlaşdırılması üçün istinad sifariş nömrəsi daxil olunmalıdır. Forma uçuşdan 48 saat əvvəl https://www.gov.uk/provide-journey-contact-details-before-travel-uk ünvanından əldə etmək olar və gəliş məntəqəsində qeydiyyat masasında və immiqrasiya xidmətinə təqdim edilməlidir.
Sərnişinlər 10 gün ərzində ev şəraitində özünütəcrid və ya oteldə karantində qalmalıdırlar.
Azərbaycan vətəndaşları İsrailə son birbaşa reysdən ən gec 24 saat əvvəl https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytında “Giriş Bəyannaməsini” doldurmalı və Səhiyyə Nazirliyindən elektron icazə almalıdırlar. İsrailə gəldikdə sərnişinlər öz hesablarına COVID-19 üçün PCR testindən keçməlidirlər. https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytı vasitəsilə əvvəlcədən ödəniş edildikdə testin qiyməti 80 şekel təşkil edir. Ödəniş hava limanında həyata keçirildikdə isə testin qiyməti 100 şekel təşkil edəcək. İsrailin hüdudlarından kənarda 72 saatdan artıq olan, o cümlədən tranzitlə keçən sərnişinlər COVID-19 üçün PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Marşrutun ilk məntəqəsindən yola düşməzdən əvvəl götürülən testin müddəti 72 saatdan artıq olmamalıdır.
Sərnişinlərin COVID-19 infeksiyasının müalicə xərclərini ödəmək üçün tibbi sığortası olmalıdır. Sərnişinlər 14 gün müddətinədək karantinə yerləşdirilə bilərlər.
COVID-19 pandemiyası dövründə Dubaya səyahət qaydalarına gəlincə, Dubaya (DXB hava limanına) gələn bütün sərnişinlər koronavirus (COVID-19) infeksiyasına dair PCR testinin neqativ nəticəsi barədə çap olunmuş tibbi arayışı təqdim etməlidirlər (elektron surətlər qəbul edilmir). PCR testi Dubaya (DXB hava limanına) uçuşdan ən çox 72 saat əvvəl verilməlidir. Arayış ərəb və ya ingilis dilində çap olunmalıdır (əl ilə yazılmış hesabatlar olmamalıdır) və uçuşun başlandığı ölkənin təsdiq etdiyi laboratoriya tərəfindən təqdim edilməlidir. Arayışda onun etibarlılığını təsdiq edən QR kodun olması tövsiyə olunur. Bu tələb 12 yaşından kiçik sərnişinlərə şamil olunmur.
Sərnişində istənilən digər əmirlik tərəfindən verilmiş qüvvədə olan yaşayış icazəsi mövcud olduğu təqdirdə, reysi təxsis etməzdən əvvəl BƏƏ-yə gəlişini/təkrar gəlişini uaeentry.ica.gov.ae portalında təsdiq etməlidir. BƏƏ-yə giriş/təkrar giriş icazəsi olmadan sərnişin reysə buraxılmayacaq. Vizanın etibarlılıq müddətini bu saytda yoxlamaq mümkündür. Həmçinin sərnişinlər Dubaya gəlməzdən əvvəl “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər.
Dubaya səyahət edən sərnişinlərin tibbi sığortası olmalıdır, həmçinin Dubaya gəlməzdən əvvəl və ya sonra “COVID-19 DXB Smart App” tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər. Qeyd etmək lazımdır ki, Dubaya gəldikdən sonra təkrar testdən keçmək üçün şəxs təsadüfi seçilə, test nəticələri əldə edilənə qədər karantinə yerləşdirilə bilər.
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri yalnız yük daşımaları üçün açıqdır. Quru sərhədi ilə sərnişin daşımalarına hələlik icazə verilmir./apa.az/
Follow @7timesaz