“Biz əməkdaşlığımız, planlarımız, nailiyyətlərimiz barədə çox səmərəli, uzun müzakirələr apardıq. Düşünürəm ki, Prezident Mişelin Azərbaycana səfəri bizim tərəfdaşlığımızın yaxşı göstərcisidir”.
7times.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Avropa İttifaqı bizim üçün yaxın tərəfdaşdır. Biz uzun illərdir müxtəlif sahələrdə işləyirik. Gündəlik çox genişdir və bizim güclü siyasi təmaslarımız, əlbəttə ki, əməkdaşlığımızın şaxələndirilməsi üçün çox yaxşı təməl yaradır.
Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi, demək olar ki, 9,5 milyard ABŞ dolları idi.
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir.
Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Biz üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəalıq. Azərbaycan Avropa İttifaqının doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.
Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”.
Follow @7timesaz