Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, Vətən Müharibəsi şəhidi Əliağa Məmmədovun anım günündə ona həsr edilən xatirə lövhəsinin açılışı olub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından “7times.az”a bildirilib ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, vətən uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində iştirak edən Xalq artisti Fatma Mahmudova, tanınmış telejurnalist, Əməkdar Mədəniyyət işçisi, Telli Pənahqızı və teatrın digər əməkdaşları Əliağanın nurlu xatirəsindən söhbət açıblar, cəsarətinə, mübarizə əzminə görə onu Milli Qəhrəman hesab etdiklərini bildiriblər.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən şəhidin əsgər yoldaşları, ailə üzvləri, media nümayəndələri və digər qonaqlar da iştirak ediblər.
Qeyd edək ki, Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində anadan olub.
Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra özünü idman sahəsində sınayıb, “Cüdo” üzrə müxtəlif yarışlarda çıxışları ona medallar və sertifikatlar qazandırıb.
Peşə təhsili alandan sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıqçı kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də çalışdığı doğma teatrdan yola düşüb. Teatrın qaranlıq səhnəsini işıqlandıran bu gənc vətən qarşısındakı müqəddəs borcunu da layiqincə yerinə yetirib.
Ağır döyüşlərin birində düşmənin hücumu zamanı Əliağa tabor komandirinin həyatını öz canı bahasına xilas edir və elə həmin döyüşdə (06.10.2020-ci il) şəhidlik zirvəsinə ucalır.
Ruhu şad olsun.
Follow @7timesaz