Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.
Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da “Azneft” meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.
Qeyd edək ki, X. Kazımlı Biləsuvar rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub. Oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.
Follow @7timesaz