Yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya üçün əks göstəriş olan allergik xəstəliklər dedikdə xüsusilə dərman preparatlarına qarşı allergiya nəzərdə tutulur. Güclü qida allergiyası da əks-göstəriş ola bilər. Bütün hallarda allerqoloq müayinəsindən keçmək məsləhətdir.
7times.az-ın xəbərinə görə, Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov Azərtac-a COVID-19 infeksiyasına qarşı istifadə edilən peyvəndlərə əks-göstəriş olan xəstəliklər barədə məlumat verib.
Həkim-infeksionist bildirib ki, hamilə qadınlar, süd verən analar, allergiyadan əziyyət çəkənlər, həmçinin xərçəng xəstəliyinin kəskin dövrünü yaşayan və kimyaterapiya müalicəsi alan xəstələr COVID-19 əleyhinə vaksinasiya üçün əks-göstəriş hesab edilirlər:
“Eyni zamanda, səpki elementi ilə müşayiət edilən və autoimmun xəstəliklərə tutulanlar da koronavirusa qarşı peyvənd vurdura bilməzlər. Uzun müddət hormon qəbul edən, xroniki bronxitin allergik formasından əziyyət çəkənlər üçün də vaksin təhlükəlidir. Əks-göstəriş bir sıra allergik reaksiyanın dərəcəsindən asılıdır. Yəni, bəzi allergik xəstələr həkim məsləhəti ilə COVID-19 əleyhinə vaksinasiyada iştirak edə bilərlər”.