Bu gün Azərbaycanda Aşura günüdür.
7times.az-ın məlumatına görə, Məhərrəm ayının 1-i Miladi təqvimlə avqust ayının 10-da başladığından, Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Məhərrəm ayının başlaması ilə əlaqədar müraciətində bildirilib ki, Məhərrəm ayının Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda, qürurverici hadisə kimi daxil olub.
Bildirilb ki, Məhərrəmlik bu il də dünyada davam edən koronavirus bəlası ilə əlaqədar müvəqqəti məhdudiyyətlər şəraitində keçirilir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, sosial məsafənin təmini mümkün olmayan kütləvi mərasimlərdə virusa yoluxma sayının artma təhlükəsini nəzərə alaraq, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri tövsiyə edir ki, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda ibadətlərin və mərasimlərinin karantin qaydalarına uyğun olaraq keçirilməsi vacibdir”.
Bildirilib ki, son illər Məhərrəmlik dönəmində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir: “Ümidvarıq ki, inşAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında İmam Hüseyn xatirinə ehsan niyyəti ilə qan verəcəklər”, – deyə müraciətdə bildirilir.
Aşura günü ilə əlaqədar qanvermə aksiyaları paytaxt Bakı ilə yanaşı, bölgələrdə də keçiriləcək.
Follow @7timesaz