7Times.az Kulis.az-a istinadən Xalq şairi Bəxtiyar Vahabzadə haqqında maraqlı faktları təqdim edir.
Bəxtiyar Mahmud oğlu Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Bir versiyaya görə Mahmud Vahabzadə Zəkəriyyə oğlu Bəxtiyar Vahabzadənin atabir-ana ayrı ögey qardaşı olub. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından 1925-ci ildə Zəkəriyyə Vahabzadənin Xanım Məcidqızından olan övladı Bəxtiyarı övladlığa götürürlər.
1934-cü ildə Bəxtiyar ailəsi ilə birgə Bakıya köçür. O, burada orta məktəbi başa vuraraq ADU-nun Filologiya fakültəsində təhsil alır. Daha sonra universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
***
Deyilənlərə görə o, ilk şeirini Səməd Vurğun olan məclisdə oxuyanda çox həyəcanlı imiş. Şeir bitəndə Səməd Vurğun ayağa qalxır və “Bu cavan oğlan məndən də yaxşı yazır” – deyir. Ondan sonra az vaxt ərzində Bəxtiyar Vahabzadə məşhur şairə çevrilir.
***
Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.
“İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.
***
Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.
Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Onu universitetdən tamam uzaqlaşdırmaq böyük ajiotaj yaradardı. Ona görə, bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.
***
Bəxtiyar Vahabzadə, həm də Azərbaycanda olan biri-birinə zidd müxtəlif və fərqli hakimiyyətlərin hamısı ilə münasibət qurmağı bacarmışdı. Çoxu düşünür ki, bu, bir şair kimi onun qüsuru idi. Ancaq bunu Bəxtiyar Vahabzadənin böyüklüyünə, şəxsiyyətinin gücünə yozanlar da var.
***
Onun Bakı Dövlət Universitetində dərs dediyi vaxtlar Azərbaycan dilinin qorunması və inkişafı uğrunda danılmaz xidmətləri olub. Müsahibələrində, məqalələrində, hətta şeirlərində də Azərbaycan dilinə sonsuz sevgisini bəyan edirdi. O, bu mövzuda yazdığı bir şeirdə Azərbaycan dilinin rus dilinin təsiri ilə sıxışdırılmasını nəzərə alaraq deyirdi:
Qanunlu, möhürlü idarələrdən
Bir televiziya çıxışında isə “Cırtdan” uşaq studiyasının adının “Djırtdan” yazılmasına açıq etiraz etmişdi. Məşhur cümləsi isə belə idi: “Gül kimi “Cırtdan”ı niyə “Djırtdan” eləmisiniz, buna necə ürəyiniz gəlib?”
***
Sevgi şeirlərinin ən məşhuru olan “Bir salama dəymədi” şeiri ünvanlıdır. Doğrudan da ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə buna görə həmin şeiri çox sevirmiş və məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə valeh olursa, bir daha nə özü bu şeiri deyir, nə də başqalarının deməsinə razı olur.
O, uzun müddət Milli Məclisin deputatı oldu. Bir dəfə məclisin spikeri Murtuz Ələsgərov iclaslara qatılmaması ilə bağlı irad bildirəndə Bəxtiyar müəllimin cavabı qəribə olur:
– Bunun sənə dəxli yoxdur!
***
Müharibədən qayıtmayan qardaşının adını oğluna vermişdi: İsfəndiyar. Oğlu uzaqda işlədiyinə görə tez-tez narahat olurmuş. Zəng edirmiş həmişə ona. Və İsfəndiyar da hər dəfə bu zənglərdən həyəcanlanarmış. Bir dəfə soruşanda ki, ata, nə olub, niyə zəng etmisən? Bəxtiyar Vahabzadə oğlunu sakitləşdirib: “Heç nə olmayıb, a bala, təzə şeir yazmışam, qulaq as, gör necədi”.
Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapıb.
***
Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş…
***
Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim şoka düşüb. Rentgendən keçəndən sonra üzünü şairə tutub:
– Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.
Bəxtiyar Vahabzadə gülümsünüb:
– Ürəyim var, ancaq sağdadır.
B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
***
2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.
Follow @7timesaz