Cəmiyyət

Eyni gün müharibəyə gedib, eyni gün şəhid olan 4 dost – FOTOLAR

Eyni gün müharibəyə gedib, eyni gün şəhid olan 4 dost – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir şəhərində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan daha bir şəhidimiz Məhəmməd Murad oğlu Məmmədlinin doğum günü məzarı başında qeyd edilib.

7times.az xəbər verir ki, şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması artıq ənənə halını alıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Seymur Hidayətov şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, dostları, tədbirin təşkilatçısı olan “Nur” dəstək qrupu, qazilər, şəhid anaları öncə Şəhidlər Xiyabanında Şəhidimizin məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər. Vətən Müharibəsi Şəhidi Məmmədli Məhəmməd Murad oğlu 1994-cü il avqustun 22-də Mingəçevir şəhərində anadan olub. 1997-ci ildə ailə Rusiyanın Volqoqrad şəhəri Srednyaya Axtuba qəsəbəsinə köçüb. Məhəmməd orta məktəbi orada oxuyub. 2005-ci ildə ailəsi Azərbaycana qayıdıb və Məhəmməd Mingəçevir şəhərində 18 nömrəli tam orta məktəbdə təhsilinə davam edib. 2006-cı ildə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbinə daxil olub, 2011-ci ildə Uşaq İncəsənət məktəbinin tam kursunu Fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirib. 2012-ci ildə Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbdən məzun olub. Elə həmin il oktyabr ayının 12-də Mingəçevir ŞHK tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb.

Məhəmməd İkinci Qarabağ Müharibəsi başlamazdan əvvəl 2020-ci il sentyabrın 21-də hərbi təlimə çağırılıb və 27 sentyabr 2020-ci il Vətən müharibəsi başladığı andan Suqovuşan ərazisində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. Məhəmmədin hərbi vəzifəsi Baş Tuşlayıcı olmasına baxmayaraq döyüş yoldaşlarına kömək etmək məqsədi ilə könüllü olaraq döyüşlərə kəşfiyyatçı kimi qoşulub. Döyüş yoldaşları onu “Balaca Kəşfiyyatçı Maqa” deyə çağırırdılar. Oktyabrın 1-də Suqovuşan Gülüstan ətrafında Ağucuq deyilən ərazidə gedən döyüşlərdə döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşüb. “Mənim kaskam, bronejiletim var, mənə heç nə olmaz, siz arxada gəlin…” – deyib öndə gedən Məhəmməd bu dəfə də düşmənlə üzbəüz döyüşə ən ön sıralarda girib. Sağ ayağından aldığı qəlpə yarasına baxmayaraq son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edib. Oktyabrın 2-də qarın nahiyəsindən ikinci dəfə ağır güllə yarası alıb. Döyüş yoldaşlarına son nəfəsində “Uşaqlar mən vuruldum… bərk olun, möhkəm olun ki, buradan çıxa biləsiniz…” – deyib, şəhid olub.

İki ay sonra Şəhidimizin nəşi döyüş bölgəsindən götürülüb və 1 dekabr 2020-ci ildə Şəhidimiz Mingəçevir Şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra üzünü görmədiyi körpəsi dünyaya gəlib. Onlar 4 dost idilər. Dördü də bir gündə müharibəyə gedib və 4-də eyni gündə şəhid olub.

Daha sonra şəhidin xatirəsinə yaradılan bulağın açılışı olub.

Şəhidimiz döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Soqovuşanın azad olunmasına görə” medalları ilə təltif  olunub.

/Yeniavaz.com