Azərbaycanda aqrar sığortanın tətbiqindən qısa müddət sonra fəaliyyətə başlayan yerli aqrar sığorta ekspertləri artıq yüksək gəlir əldə etməyə başlayıblar.
Aqrar Sığorta Fondundan 7times.az-a verilən məlumata əsasən, müstəqil ekspertlər qısa müddətdə ölkənin əksər ərazilərində 1 700-ə yaxın kənd təsərrüfatı heyvanına baxış keçirib, sığorta hadisəsini araşdırıblar, nəticədə təkcə iyul ayında onlara böyük məbləğlərdə xidmət haqqı və yol xərci ödənilib.
İyul ayında ən çox gəlir əldə edən üç müstəqil aqrar sığorta ekspertinin aylıq gəliri – 2 693 manat, 2 603 manat və 2 537 manat təşkil edib. Aqrar sığorta prosesində çalışan digər ekspertlərin də aylıq gəlirləri bu göstəricilərdən asılı olaraq 1 250 – 2 300 manat arasında dəyişib.
Qeyd edək ki, müstəqil aqrar sığorta ekspertləri sığortalanma prosesində riskləri qiymətləndirir, sığorta hadisəsi baş verdikdə isə hadisənin səbəbini müəyyən edərək dəyən zərəri hesablayırlar.
Ekspert xidməti ödənişlidir. Bu xidmətlərin müqabilində aqrar sığorta ekspertlərinə xidmət haqqı və qət edilən məsafəyə görə yol xərci ödənilir.
Bildirilib ki, aqrar sığortanın əhatə dairəsi genişləndikcə aqrar sığorta ekspertlərinin sifarişləri və gəlirləri daha da artacaq.
Follow @7timesaz