Son günlər ölkədə vaksin olunduqdan sonra koronavirusa yoluxmayla bağlı şikayətlər artıb. Bu barədə sosial şəbəkələrdə tez-tez məlumatlar paylaşılır. Bildirilir ki, xüsusən birinci doza vaksindən sonra koronavirusa yoluxanların sayı artıb.
İnsanlar bunu bir çox amillərlə əlaqələndirirlər. Bəziləri hesab edir ki, sentyabrın 1-dən tətbiq olunan məhdudiyyətlərə görə xəstəxanalara kütləvi şəkildə axın var. Bu da poliklinikalarda sıxlığa, karantin qaydalarının pozulmasına gətirib çıxarır ki, nəticədə yoluxma sayı artır.
Bəs əsas səbəb nədir?
7times.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a danışan infeksionist Mərdan Əliyev birinci doza vaksinin koronavirusdan qorumadığını deyib:
“Ümumiyyətlə, vaksinin içlik vərəqində də yazılıb ki, hər iki doza vurulmalıdır. Birinci doza vaksin qorumur. Peyvəndin birinci dozası vurulur, 28 gün və ya təqribən 1 ay sonra 2-ci doza vurulur. Vaksin birinci dozadan 7 həftə, 2-ci dozadan isə 3-4 həftə keçdikdən sonra qorumağa başlayır. Ona görə də 1-ci doza vurduran insanların çoxu asanlıqla yoluxa bilərlər. Bu şəxslər özlərini mütləq qorumalıdırlar. Hər iki doza vaksinasiyadan ən azı 3 həftə sonra peyvənd qorumağa başlayır. Yoluxanlar xəstəliyi yüngül keçirirlər. Yəni əksər hallarda ölümcül olmur. Amma yoluxma ehtimalları həmişə var. İnsanlar özlərini hər zaman qorumalıdırlar. Maska taxmalı, sosial məsafəyə riayət etməlidirlər”.
Follow @7timesaz