Ölkə

Azərbaycanda avtomobillərə görə yenidən əmlak vergisi alına bilər – Neçə manat?

Azərbaycanda avtomobillərə görə yenidən əmlak vergisi alına bilər – Neçə manat?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hökuməti qarşıdakı illərdə dövlət büdcəsinin gəlirlərinin vergilər hesabına artırılmasını hədəfləyir. Növbəti 4 ildə Dövlət Neft Fondundan transfert edilən vəsaitin məbləği azaldılacaq, əvəzində vergi yığımlarının həcmi artırılacaq.

Hökumət planlaşdırır ki, vergi yığımlarının artırılmasını vergitutma bazasının genişləndirilməsi ilə yanaşı bəzi vergi güzəştlərinin ləğv edilməsi hesabına bunu təmin etsin. Bu məqsədlə dünyanın bir çox ölkəsində tətbiq edilən vergi növlərinin Azərbaycanda da tətbiqi mümkündür. Yeni vergi növlərindən biri kimi avtonəqliyyat vasitələrinin sahiblərindən əmlak vergisinin alınması nəzərdən keçirilə bilər. 
Ölkəmizdə avtonəqliyyat vasitələrinin sahiblərindən əmlak vergisinin alınması ilə bağlı təklif bir neçə dəfə səsləndirilib. O cümlədən Hesablama Palatası da belə bir təkliflə çıxış edib. Təklifə əsasən, avtonəqliyyat vasitəsinin mühərrikinin həcminə uyğun olaraq verginin tətbiqi tövsiyə olunub.
Hazırda Azərbaycanda əmlak vergisi bir neçə istiqamət üzrə tətbiq olunur. Bu istiqamətlərdən biri də nəqliyyat vasitələridir. Hazırda su və hava nəqliyyatı vasitələri sahiblərindən əmlak vergisi alınır. Su və hava nəqliyyat vasitələrindən mühərrikinin həcminə görə vergi tutulur. Mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçünsə onların bazar qiymətinin 1 faizi qədərində əmlak vergisi alınır.
Azərbaycanda avtonəqliyyat vasitələrindən “əmlak vergisi” adı altında vergi 2001-2006-cı illərdə tutulub. Bu vergi növü 2006-cı ilə qədər bələdiyyələrin yerli əhəmiyyətli gəlirini formalaşdıran maliyyə mənbələrindən biri idi. Vergi Məcəlləsinə əsasən, fiziki şəxslər və müəssisələr avtonəqliyyat vasitələrinə görə illik əmlak vergisini həmin vasitələrin mühərrikinin həcminə görə (1 kub santimetr hesabı ilə) ödəyirdi. 2006-cı ildən avtonəqliyyat vasitələrindən əmlak vergisinin tutulması ləğv olundu və yol vergisinin tətbiqinə başlanıldı.  2015-ci ildən isə Azərbaycan vətəndaşlarının sahib olduğu avtonəqliyyat vasitələrindən yol vergisinin birbaşa alınması dayandırıldı. Əvəzində satılan avtomobil yanacağının hər litrinə yol vergisi əlavə olundu.

Əgər avtonəqliyyat vasitələrindən əmlak vergisi alınarsa, bu, əmlak vergisi üzrə vergitutma obyektlərinin siyahısının genişlənməsinə səbəb olacaq.
Onu da bildirək ki, hazırda ölkəmizdə 1,4 milyon ədəddən çox avtomobil var. (sfera.az)