Vətən Müharibəsinin məğrurluq timsalına çevrilmiş topçu Vüsal Şahkərimovu indi tanımayan tapılmaz. Müharibənin qanlı-qadalı günlərində mərdanə, məğrur duruşu ilə topçu Vüsalı Qarabağ qəhrəmanlarının timsalında sevdik, onunla fəxr etdik.
7times.az bizim.media-ya istinadən xəbər verir ki, 44 gündə yazılan qəhrəmanlıq salnaməmizin 1 ilinin tamamında Xaçmazın Qusarçay kəndindəki evində qəhrəman topçumuzun qonağı olduq.
Sadə bir ailədə doğulan Vüsal iki bacının yeganə qardaşıdır. Özü qeyd edir ki, 2019-cu il iyunun 29-da ad gününü qeyd edib hərbi xidmətə yollanıb.
“Sentyabrın 27-вэ sevinclə elə irəli getmişdik ki, sanki bütün əsgərlər bunu gözləyirdilər. Bizim üçün həmin gün möhtəşəm bir gün idi. Azərbaycan xalqı bunu düz 30 il gözləyib. Müharibədə Xocavənd, Füzuli, Qubadlı döyüşlərində iştirak etmişəm və sonra hərbi xidmətimi Şuşada davam etdirmişəm”.
Vüsal danışdıqca gözlərinin dərinliyində o məğrurluq, qürur hissini rahatlıqla sezmək olur. Onun müharibədə iştirak etməyindən, orada qəhrəman cəbhə yoldaşları ilə çiyin-çiyinə döyüşməyidən özünü necə də xoşbəxt hiss etməyi hər cümləsində görünürdü.
O zamanlar hamının fəxrlə danışdığı o məğrur, qəhrəman duruşu haqqında Vüsaldan soruşuram. Deyir ki, döyüşlərdə topu baş tuşlayıcı kimi atırdı: “Bu səhnə təsadüfi epizodan yaranıb. Kadlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu həmin ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdilər.
Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi yox idi.
Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı”.
O odun-alovun içində bu duruşula nə demək istəyirdin sualını verəndə cavabı da dərhal və sərrast oldu: “Döyüşə inamla gedən Azərbaycan əsgərinin qəzəbini”.
Qəhrəmanımız o məşhur və məğrur duruşundan sonra ermənilərin sosial şəbəkələrində onu öz əsgərləri kimi təqdim etməsindən də danışdı: “Ermənilər Fransa nəşrlərində öz yalan xəbərlərini mənim fotomla tirajlayaraq, məni erməni əsgəri kimi qələmə verməyə cəhd ediblər. Hətta bu foto ilə bol-bol ermənilərin xəbərləri yayımlanıb.
Biz bir xalq olaraq, bu savaşda bütün cəbhə xətlərimizi açmışdıq, həmçinin informasiya savaşında da düşmənlərimizi tərkisilah edirdik. Bizim ermənilərlə informasiya müharibəsi aparan qəhrəmanlarımız bütün
dünyaya bildirdilər ki, mən erməni deyil, şərəfli, müzəffər Azərbaycan əsgəriyəm”.
Söhbətimizə Vüsalın anası İlahə xanım da qoşulur. Vüsalın o məğrur duruşunu televizordan gördüyünü deyir: “Televizora baxırdıq. Birdən gördüm ki, Vüsalı göstərirlər. Həmin an qeyri-ixtiyari qışqırdım. Onu əvvəlcə efirdə görəndə çox qorxdum. Nazirlikdən bizə zəng gələndə də bərk narahat olduq.
Sonra onun qəhrəmanlığı, şücaəti barədə eşitdikcə çox qürurlandım, fəxr etdik ki, Allah bizə bu cür oğul yetişdirməyi nəsib edib. Çox xoş oldu ki, halal zəhmətlə böyütdüyümüz Vüsal müharibədə adımızı ucaltdı”.
İndi Vüsal gündəlik ev qayğılarıyla məşğuldur. O, deyir ki, həyatı öz axarına düşməyə başlayıb. Qəhrəmanımız qeyd edir ki, müharibə bitdikdən sonra torpaqlarımzı azad olunması onda fəxr qürur hissi oyatdığı qədər, şəhidlərə görə də bir o qədər kədərlidir.
“Onlar bizim, qürur, fəxr yerimizdir. Biz onlara ömrü boyu borcluyuq. Allah şəhidlərimizə rəhmət etsin, bu gün biz qələbəni onlara borcluyuq”.
Follow @7timesaz