İqtisadiyyat

BVF regionda artan inflyasiya ilə bağlı vəziyyəti şərh edib

BVF regionda artan inflyasiya ilə bağlı vəziyyəti şərh edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il regionda inflyasiyanın ən yüksək həddə çatması gözlənilir, gələn il və gələcək illərdə tədricən azalmanın baş verməsini proqnozlaşdırırıq.

Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur “APA-Economics”in sualını cavablandırarkən deyib.

Fondun rəsmi bildirib ki, hazırda müşahidə olunan inflyasiya ən çox aşağı gəlirli sosial qruplara təsir edir: “Bunun səbəbi ərzaq məhsullarının qiymətlərinin artmasıdır və buna görə də mərkəzi banklar ayıq-sayıq olmalıdır, inflyasiyanı hədəf diapazonundan qırağa çıxmasına imkan verməməli və lazım olduqda, iqtisadiyyatı yüksək inflyasiyadan qorumaq üçün uçot dərəcəsinin alətlərindən istifadə etməlidir”, – C. Azur qeyd edib.

BVF-nin sonuncu proqnozuna görə, bu il Orta Şərq və Mərkəzi Asiya regionunda ortaillik inflyasiya 11,9%, 2022-ci ildə isə bir qədər yavaşlayaraq 8,6%-ə enəcək. Bu il regionda ən yüksək inflyasiyanın neft ixracatçılarının arasında İranda (39,3%), qeyri-neft ixracatçılarında isə Sudanda (194,6%) olacağı gözlənilir. Bütov regionda ən aşağı ortaillik inflyasiya Bəhreyndə gözlənilir – 2021-ci ildə 1%, 2022-ci ildə isə 2,7%.

Xatırladaq ki, Fondun Azərbaycan üzrə vəd etdiyi ortaillik inflyasiya gözləntiləri bu il üçün 4,4%, gələn il üçün isə 3,2% təşkil edir. Bu ilin yanvar-sentyabr aylarında ölkədə ortaillik inflyasiya 5,2%-ə bərabər olub, 2020-ci ildə isə 2,8% təşkil edib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrlərinə dair sonuncu sənədində ölkədə 2021-ci ildə inflyasiyanın 4±2% diapazonunda formalaşacağı deyilir.