Xəbər verdiyimiz kimi, I və III qrupda bəzi ixtisaslar üzrə imtahan fənlərinə dəyişiklik edilib.
Trend xəbər verir ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının II qrupdan III qrupa qaytarılması ilə əlaqədar olaraq III qrupa 2022-ci ildən etibarən coğrafiya seçmə fənni əlavə olunur.
III qrupda buna uyğun olaraq DT (dil-tarix) və TC (tarix-coğrafiya) altqrupu yaradılıb. TC altqrupunu seçən abituriyentlər “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarına imtahan verəcəklər.
Birinci mərhələdə (buraxılış imtahanı) Azərbaycan dili (rus bölməsi rus dili), riyaziyyat və xarici dil fənnləri olduğu kimi qalır. İkinci mərhələdə isə DT altqrupunu seçən abituriyentlər
Azərbaycan dili (rus bölməsi rus dili), tarix və ədəbiyyatdan, “Regionşünaslıq” və “Beynəlxalq Münasibətlər” ixtisasının olduğu TC altqrupunu seçənlər isə ədəbiyyat fənninin yerinə coğrafiyadan imtahan verəcəklər.
DİM sədri Məleykə Abbaszadənin sözlərinə görə, yeni ixtisasların əlavə edilməsi ilə III qrupa 1300 plan yeri əlavə olunacaq. Bu da ixtisas seçimində gərginliyin azalmasına gətirib çıxaracaq və 300 baldan aşağı nəticə göstərib, istədikləri ixtisaslara düşə bilməyənlərin seçim imkanları da artacaq.
Məleykə Abbaszadə onu da qeyd edib ki, III və II qruplardakı coğrafiya fənni üzrə suallarının çətinlik dərəcəsi eyni olacaq.
Bundan başqa III qrupda balların hesablanma alqoritmində də heç bir dəyişiklik olmayacaq. Sadəcə, coğrafiya fənninin əmsalı ədəbiyyat fənninə uyğun olacaq”.