Artıq bir çox problemlər sosial şəbəkələrdə həll olunur. İctimai qınaq, ictimailəşdirilən mövzular bəzi məmurları aktiv sosial şəbəkə istifadəçisi halına gətirib.
7times.az modern.az-a istinadən sosial şəbəkələrdə aktiv olan məmurların bir qisminin siyahısını təqdim edir.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev davamlı olaraq sosial şəbəkə vasitəsilə istifadəçiləri məlumatlandırır, şərh bölümünə yazılan şikayətləri cavablandırır. Onun “Facebook”da bu qədər aktivliyi istifadəçilər arasında rəğbətlə qarşılanır.
Bu gün sosial şəbəkələrdə hər hansı xoşagəlməz halla bağlı məlumat paylaşılanda istifadəçilər rahatlıqla Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevi təq edirlər. Bundan əlavə, E.Hacıyev davamlı olaraq, təmsil etdiyi dövlət qurumu ilə bağlı paylaşımlar da edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aktiv sosial şəbəkə istifadəçisi olan məmurlar sırasındadır.
Təhsil naziri Emin Əmrullayev “Facebook” sosial şəbəkəsi vasitəsilə lazımi məlumatları paylaşır. Şərh bölümündə nazirə ünvanlanan suallar nazirliyin rəsmi səhifəsindən cavablandırılır. Sosial şəbəkədə aktiv olan nazir “Facebook”da mesaj bölümündən istifadə etmir. İstifadəçilər dəfələrlə ona bu bölümdən istifadə etməyi məsləhət görüb. Lakin nazir hələ ki fikirlərşir…
İqtisadiyyat naziri Mikayıl Cabbarov aktiv “Facebook” istifadəçiləri sırasındadır. Həyata keçirilən layihələr və görüşlər haqqında geniş məlumat paylaşır.
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov vətəndaşları maraqlandıran məsələlərə həm sosial şəbəkə vasitəsilə aydınlıq gətirir, həm də sualları cavablandırır.
Xarici işlər naziri Ceyhun Bayramov da aktiv sosial şəbəkə istifadəçisi olan nazirlər sırasındadır. O keçirdiyi görüşlər haqqında daha çox “Twitter”də paylaşımlar edir. Nazir Azərbaycan dili ilə yanaşı, davamlı olaraq rus və ingilis dilində də paylaşımlar edir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də aktiv “Twitter” istifadəçisidir. O burada Prezidentin keçirdiyi görüşlər, xarici siyasətlə bağlı vacib məqamları təbliğ edir.
Hikmət Hacıyevin adına “Facebook”da səhifə də mövcuddur.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev özünün “Twitter” səhifəsində Prezident İlham Əliyevin “Twitter” hesabında olan paylaşımları və Komitənin fəaliyyətini əks etdirən görüşləri yayımlayır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev həm “Facebook”, həm də “Twvitter”də aktivdir. O keçirdiyi görüşlər, yeniliklər haqqında davamlı məlumat paylaşır.
Follow @7timesaz