Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhurlaşan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.
7times.az xəbər verir ki, Samir Sadıxov Azərbaycanın ilk peşəkar maşın dizayneridir. O, Avropa, ABŞ və Cənubi Koreyanın avtomobil sənayesi sahəsində ən məşhur dizaynerlərdən biridir.
Samir Sadıxov 1990-cı il iyulun 20-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. Anası həkim, atası mühəndisdir.
Orta təhsilini Gəncədə Azərbaycan-Türk liseyində alıb. Liseyi bitirdikdən sonra Türkiyəyə gedib, iki il İstanbulda yaşayıb. İtaliyanın Turin şəhərində Avropa Dizayn Universitetinin olması barədə məlumatı da burada öyrənib. Beləliklə, yolu İtaliyaya qədər uzanır və burda sözügedən ali məktəbə daxil olur. Universitetin rektoru təqdim etdiyi layihəsini yüksək qiymətləndirərək onun bu ali məktəbə daxil olmasına razılıq verir. İtalyan rektora təqdim etdiyi layihə isə özünün müəllifi olduğu Bakı Metropoliteninin yeni dizaynı olub. Beləliklə, bu universitetə daxil olur və buranın təqaüdünü alır.
Samir sözügedən ali məktəbdə ikinci kursdan oxumağa başlamışdı, universitetin rəhbərliyi onun birinci kurs üçün kifayət qədər bilgili olduğunu düşündüyü üçün bu addımı atmışdı. Bu minvalla Avropa Dizayn Universitetinin Nəqliyyat dizaynı fakültəsində bakalavr, Almaniyanın Pforshaym Universitetində eyniadlı fakültəsində magistr pilləsi üzrə təhsil alır.
Samir Sadıxov 2011-ci ildə İtaliyada keçirilən Dünya Ferrari Dizayn Müsabiqəsində (Ferrari World Design Contest) “Xəzri” adı ilə dizayn etdiyi avtomobillə ikinci yeri qazanıb. O, bu müsabiqədən sonra İtaliyanın məşhur “Lamborghini” şirkətindən iş təklifi alıb və bura ilə əməkdaşlığa başlayıb. Dünyanın bu nüfuzlu şirkətindən iş təklifi alanda Samir ali məktəbin sonuncu kursunda oxuyurdu.
Azərbaycanlı gəncin uğuru təkcə “Lamborghini”nin diqqətini çəkməmişdi: ona iş təklif edənlər arasında Fransanın “Peugeot”, Yaponiyanın “Toyota” və s. şirkətlər də olub. Bununla belə, İtaliya şirkətinin təklifi daha cazibədar görünür və bunu qəbul edir. O, bu dövrdə “Aston Martin” üçün innovativ konsepsiyalar, o cümlədən “DBC” avtomobil konsepsiyasını hazırlayıb.
2014-cü ildə DACAR adlı təkər dizaynı ilə “Hankook” şirkəti tərəfindən keçirilən Təkər Dizaynı Müsabiqəsinin qalibi olub. Bundan başqa “Ferrari F40” konsept avtomobili üçün dizaynını təqdim edib.
Samir ABŞ-ın avtomobil sənayesi üçün də axtarılan mütəxəssislərdən biridir. O, Amerikanın “Rezvani Motors” şirkəti üçün dizaynla bağlı konsultasiya verib. Samirin “Revzani Motors” üçün dizayn etdiyi BEAST super avtomobili nümayiş olunub. Samir “Cadillac C-Ville” və XTS-nin konseptlərini də layihələşdirib.
Samir Sadıxov hazırda Cənubi Koreyanın dünyaşöhrətli “Hyundai” markasının lüks avtomobillər istehsal edən brendi “Genesis Motors”da işləyir. Eyni zamanda, Almaniyanın “Volkswagen” qrupunun dizaynerlərindən biridir.
Samir Sadıxov 2018-ci ildə “Automobile Magazine” jurnalının təsis etdiyi avtomobil dizaynı sənayesində ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatına layiq görülən komandada yer alıb. O, bundan başqa Almaniyada “Red Dot Design Award”ın layihəsində “Luminary” və “Best of the Best” mükafatlarına layiq görülüb. İlk beynəlxalq uğurunu isə hələ 14 yaşı olanda – liseydə oxuyarkən qazanmışdı. Rumıniyada keçirilən beynəlxalq müsabiqənin qalibi olub.
Dediyinə görə, o, digər dizaynlerdən fərqli olaraq, avtomobil dizaynını 3D proqramları ilə yox, eskiz formasında çəkir və hazırlayır.
Samir Sadıxovun Azərbaycanla bağlı da arzusu var. Ən böyük arzusu isə Azərbaycanda avtomobil sənayesinin inkişafı, daha çox insanın avtomobil dizaynı ilə məşğul olması və gələcəkdə yerli avtomobil istehsalı şirkətlərindən birində işləməkdir.
Follow @7timesaz