“Müəllimlərə dərs saatlarının verilməsi qaydası təkmilləşməlidir. Bu zaman dərs saatı bölgüsü onların bir imtahanda topladığı nəticələrinə əsasən deyil, hər il yoxlanılan bilik və bacarıqlarına əsasən müəyyənləşməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov orta məktəblərdə dərs saatlarının bölünməsi qaydasının təkmilləşdirilməsinin vacibliyindən danışarkən deyib. Ekspertin fikrincə, tək bir işə qəbul imtahanı ilə dərs yükünün müəyyənləşməsi dolğun rəyə gəlmək üçün yetərli deyil:
“Təhsil Nazirliyinin 2014-cü ildə verdiyi müvafiq qərarından sonra məsələ müəyyən qədər həll olunub. Orta məktəblərdə dərs bölgüsü müəllimlərin diaqnostik imtahan və ya işə qəbul imtahanında topladığı bala müvafiq olaraq həyata keçirilir. Amma fikrimcə, bu, tam dolğun rəyə gəlmək üçün yetərli deyil. Məsələ ondadır ki, işə qəbul üçün imtahan verən şəxs cəmi bir dəfə imtahan verir və burada topladığı bal onun bütün iş fəaliyyəti üçün nəzərdə tutulur. Müəllimlər 2014 və 2018-ci illərdə diaqnostik imtahandan keçdilər. Bunun müqabilində hər il müəllimlərin nəticələri təhlil olunmalı, onun faydalı, keyfiyyətli iş əmsalı, verilən dərs saatlarının öhədsindən gəlib-gəlmədiyi müəyyənləşməli və elə həmin ilin nəticəsinə əsasən də müəllimlərin növbəti il üçün dərs saatları müəyyənləşməlidir”.
K. Əsədov bildirir ki, işə qəbul imtahanında yüksək bal toplayıb dərs saatı kifayət qədər çox olan bir sıra müəllimlərin buna rəğmən keyfiyyətli dərs keçə bilmədikləri də göz önündədir:
“Müəllimlərin bilik və bacarığı hər il yoxlanılmalı və ona əsasən də dərs yükü müəyyənləşməlidir. Müəllimin imtahandan keçirilməsi onun biliyinə hörmətsizlik kimi başa düşülməməlidir. Sadəcə, işə götürən tərəf müəllimin bir il ərzində əldə etdiyi bilik və bacarıqları unudub-unutmadığını yoxlayır. Hər il aparılan yoxlamalar həm də müəllimlərin öz üzərlərində daim işləmələrinə gətirib çıxaracaq.
Yoxsa bir dəfə imtahan verib, onun əsasında bütün karyera boyu dərs saatı ayırmaq doğru yanaşma deyil. Burada mütəmadi olaraq dəyişiklik edilməlidir. Mahiyyət o olmalıdır ki, hər müəllim bilik və bacarığını artırmaqda maraqlı olsun. Beləliklə, dərs yükünün müəyyənləşməsi zamanı müəllimin bir il ərzindəki fəaliyyəti, şagirdlərinin uğurları mütləq olaraq nəzərə alınmalıdır. Bu istiqamətdə şagirdlər arasında da obyektiv soğru keçirməliyik”.
Follow @7timesaz