Azərbaycan Respublikasının Tərtər rayonunun hələ də qanunsuz erməni silahlı dəstələrinin fəaliyyət göstərdiyi ərazisindəki ermənilər Suqovuşandan Kəlbəcərə gedən Azərbaycan mülki və hərbi maşın karvanlarının qarşısını kəsiblər.
7Times.az xəbər verir ki, bu barədə Ermənistanın Times.am saytı məlumat yayıb.
Erməni nəşri karvandakı azərbaycanlılardan birinin sosial şəbəkələrdə yaydığı video-görüntünü paylaşıb. Video-görüntüdən bəlli olur ki, ermənilər avtomobil karvanımızın qarşısını özlərinin çoxsaylı maşınları ilə kəsiblər.
Məlumatda deyilir ki, guya Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin müdaxiləsi də nəticə verməyib. Və nəticədə azərbaycanlılardan ibarət karvan yenidən başlanğıc nöqtəsinə, yəni Suqovuşana qayıdıb.
Xatırladaq ki, bir müddət öncə Rusiya hərbçiləri separatçı-terrorçu rejimin qanunsuz “polis”inin Azərbaycanın mülki maşın karvanında yoxlanış aparmasına şərait yaratmışdı.
Follow @7timesaz