Koreya Xalq Demokratik Respublikasında (KXDR) gül yetişdirilməsi ilə məşğul olan fermerləri kütləvi surətdə əmək düşərgələrinə göndəriblər. Bu, onunla bağlı olub ki, bağbanlar hazırki diktator Kim Çen Inın atası Kim Çen İrin ad gününə qırmızı beqoniya güllərinin çiçəklənməsini təmin edə bilməyib.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Deily Mail” nəşri məlumat verib.
Kim Çen İrin doğum günü ərəfəsində Şimali Koreyanın küçələri ənənəvi olaraq “Kimcongiliya” qırmızı beqoniyalarla bəzədilir. Bu hadisə fevralın 16-da qeyd edilir və ölkədə “Ulduzun parlayan günü” kimi məşhurdur.
Bu il hakimiyyət orqanları ənənəyə uyğun olaraq gül yetişdiricilərinə bayram gününə 1000 ədəd gül sifariş edib, lakin fermerlər bu vəzifənin öhdəsindən gələ bilməyib. Çünki güllər yetişdirilən istixanaları odun çatışmazlığından qızdırmaq mümkün olmayıb.
Fermerlər qeyd edib ki, koronavirusla mübarizə üzrə fövqəladə tədbirlərin gücləndirilməsi ilə əlaqədar onlar istixanaları lazımi vəziyyətdə saxlaya bilməyib, çünki Şimali Koreya sakinlərinə evlərini tərk etmək qadağan edilib. Həm fermerlər, həm də meşə tədarükçüləri karantin tədbirlərinə riayət etməli və işə çıxmamalı idi. Bir çox istixanalar baxımsız qalıb və yerli hakimiyyət orqanları bundan xəbərdar olub.
“İndi isə fermerlərə qəflətən gül yetişdirməyi tapşırırlar. Onlar bunu necə edə bilər?”,- adının açıqlanmasını istəməyən mənbə jurnalistlərə giley edib.
Güllər vaxtında çiçək açmayandan sonra bağbanlar altı aylıq əmək düşərgələrinə göndərilməklə cəzalandırılıb. Kim ailəsinin üç nəsli növbə ilə Şimali Koreyada hakimiyyətdədir.
Kim İr Sen 1948- ci ildə KXDR- in əsasını qoyub. O, 1994- cü ildə vəfat edib və hakimiyyət böyük oğlu Kim Çen İrə keçib. O, 17 il ərzində ölkəni qəddar repressiv diktatura şəraitində idarə edib və 2011- ci il dekabrın 17- də ürək tutmasından 69 yaşında vəfat edib.
Ötən ilin dekabrında mərhum diktatorun ölümünün 10- cu ilində 11 günlük matəm elan olunub və Şimali Koreya vətəndaşlarına hətta gülümsəmək belə qadağan edilib.
“Matəm günlərində biz spirtli içki qəbul etməməli, gülməməli, əyləncələrlə məşğul olmamalı və hər hansı bir formadasa özümüzün xoşbəxt olduğumuzu göstərməliyik”, – o zaman bunu Sinıycu şimal-şərq sərhəd şəhərinin sakini “Azad Asiya radiosu” na (RFA) danışıb.
Follow @7timesaz