Cəmiyyət

“Fəaliyyəti bərpa olunan sahələrin sayının artırılması nəzərdə tutulur” – DEPUTAT

"Vətəndaşların karantin qaydalarına münasibəti də yoluxma sayına təsir göstərən amillərdəndir".

“Fəaliyyəti bərpa olunan sahələrin sayının artırılması nəzərdə tutulur” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Virusun tam məhv olmadığını və ona qarşı hazırda effektiv peyvəndin mövcud olmadığını nəzərə alaraq yoluxma sayında artmalar və azalmaların olması təbiidir. Belə dalğalanmalar tək bizdə deyil, bütün ölkələrdə baş verir. İnsanların genetik xüsusiyyətləri, coğrafi şərait və vətəndaşların karantin qaydalarına münasibəti də yoluxma sayına təsir göstərən amillərdəndir. Əsas məsələ odur ki, bu proses mütəmadi olaraq nəzarət altında saxlansın”.

Bu fikirləri 7times.az-a millət vəkili Eldəniz Səlimov deyib. Deputat bildirib ki, pandemiyanın ortaya çıxdığı ilk günlərdən dövlətimiz tərəfindən bütün zəruri addımlar atılıb. Azərbaycan Respublikası bu məsələyə ilk reaksiya verən dövlətlərdən olub.

“Hələ yanvar ayında məsələnin aktuallaşmağa başladığı və hələ epidemiya mərhələsində olan zaman cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib və epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müvafiq qərarlar qəbul edilib. Bu qərarlar sırasında sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçirilməsi, Çin Xalq Respublikasından ölkəyə gələn şəxslərin ciddi tibbi müayinədən keçirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılmasını xüsusilə göstərmək olar”.

Eldəniz Səlimov əlavə edib ki, virusun pandemiyaya çevrilməsindən sonra dövlətimiz tərəfindən daha da ciddi addımlar atılmağa başladı. Xüsusi tədbirlər planı təsdiq edildi və dövlət pandemiyanın önlənməsi ilə bağlı bütün sosial təminat məsələlərini öz üzərinə götürdü.

“Sahibkarlığa dəyən zərərin qarşılanması və özəl sektorda ixtisarların həyata keçirilməsini önləmək məqsədilə pandemiyadan zərər çəkən sahibkarlara dəstək verildi. Ümumilikdə pandemiya dövründə məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2.5 milyard manat vəsait ayrılıb. 600 min işçi, o cümlədən fərdi sahibkarlar dövlət hesabına maliyyələşdirilib. Bu tədbirlər hazırda da davam etdirilməkdədir” – deyə millət vəkili bildiirb.

Onun sözlərinə görə, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dünya praktikasında xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Azərbaycanda koronavirusdan həyatını itirənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

“Sevindirici haldır ki, görülən tədbirlərin nəticəsində virusun yayılma sürətində və arealında azalmaya nail ola bilmişik. Əks halda hamımızın şahidi olduğu kimi, son günlərdə karantin rejiminin yumşaldılmasının anonsu verilməzdi. Bir çox sahələrdə artıq fəaliyyət bərpa olunmamaqdadır və müəyyən qaydalara əməl olunmaqla bu sahələrin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla belə, vətəndaşlarımızın sağlamlığı dövlətimiz üçün ən önəmli məsələdir. Cənab Prezidentin vətəndaşlara diqqəti bu məsələdə də özünü tam aşkarlığı ilə göstərmiş oldu. Virusun ortaya çıxdığı gündən bu günədək onun önlənməsi və vətəndaşlarımızın problemlərinin aradan qaldırılması üçün bütün proseslərdə biz ölkə başçımızın aktiv fəaliyyətini və qayğısını gördük. Cənab Prezident bu gün də yorulmadan və əzmlə pandemiya ilə mübarizədən bütün xalqımızla, dövlətimizlə birlikdə üzüaçıq çıxmağımız üçün fəaliyyətini davam etdirir və vəziyyəti nəzarətdə saxlayır. Virusa qarşı effektiv peyvənd hazırlanana qədər də dövlət vəziyyəti nəzarətdə saxlamaqla zəruri tədbirləri davam etdirəcəkdir. Məqsəd vətəndaşlarımızın rahatlığını və sağlamlığını təmin etməklə yanaşı virusun növbəti dalğalanmalarını daha yüngül və idarəolunan səviyyədə saxlamaqdır. Bunun üçün isə bizim bütün potensialımız var və tam hazırıq. Şəraitə uyğun olaraq anında müdaxilə etməklə müsbət nəticəyə nail olacağımıza əminik. İnanıram ki, yaxın zamanda biz effektiv vaksinlərin yaradılması ilə də bağlı sevindirici xəbərlər alacağıq”.

7times.az