Aktual

PUTİNİN NÖVBƏTİ ŞANTAJI DA KEÇMƏDİ…  Rusiya prezidenti dediyini edəcək, yoxsa sözünü yeyəcək?

PUTİNİN NÖVBƏTİ ŞANTAJI DA KEÇMƏDİ… – Rusiya prezidenti dediyini edəcək, yoxsa sözünü yeyəcək?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bundan sonra Rusiya heç zaman Avropanı öz enerji daşıyıcıları ilə şantaj edə bilməyəcək“

Məlum olduğu kimi, iki gün öncə Vladimir Putin öz hökumətinə Avropa ölkələrinə rus təbii qazının rublla satılmasına dair göstəriş verib: “Artıq Rusiya öz mallarını ABŞ və Aİ-yə satarkən dollar, avro və ya digər valyutalarla ödənişlər qəbul etməyin mənası yoxdur. Biz qeyri-dost ölkələrə təbii qaz satışına görə ödənişlərdə rus rubluna keçməyi planlaşdırırıq. Qərar qəbul etdim ki, ən qısa müddətdə qeyri-dost ölkələrə tədarük olunan təbii qazımıza görə ödənişlərin rublla köçürülməsi üçün tədbirlər kompleksi həyata keçirilsin”.

Son zamanlar Putinin işğal və şantaj qərarlarının dünya sivilizasiyasına, o cümlədən də Rusiyanın özünə hansı bəlalar gətirdiyi göz önündədir. Ancaq belə görünür ki, dünya birliyi bu “qərarlar”a boyun əymək niyyətində deyil və hər belə bir “qərar” Rusiyaya və Putinin özünə qarşı bumeranq effekti yaradır…

Rusiya təbii qazının rublla satılması qərarı gözlənildiyi kimi, Avropada təpki ilə qarşılanıb. İlk olaraq, Putinin çıxışından dərhal sonra Avstriyanın OMV şirkəti aldığı təbii qaza görə rubl ödəməyi qəti şəkildə rədd etdiyini bəyan etdi.

 

 

Ardınca Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirdi ki, Putinin bu qərarı Rusiyanın ona qarşı tətbiq olunan sanksiyalardan yan keçmək cəhdidir və bu, qətiyyən qəbul edilə biləcək tələb deyil: “Bu, birmənalı olaraq, sanksiyalardan yan keçmək cəhdidir. Lakin biz bu sanksiyaları ondan ötrü tətbiq etməmişik ki, onlardan yan keçmək mümkün olsun. Bundan sonra Rusiya heç zaman Avropanı öz enerji daşıyıcıları ilə şantaj edə bilməyəcək”.

Rus təbii qazının digər avropalı alıcıları da eyni mövqedən çıxış edirlər. Məsələn, Latviya rəsmən bəyan edib ki, qazı rublla almaq fikrində deyil: “Müqavilədə qazı avrodan başqa hər hansı digər valyuta ilə alınmasının mümkünlüyü nəzərdə tutulmayıb”.

Sloveniyanın Baş naziri Yanez Yanşa isə ölkəsinin və Avropanın mövqeyini daha konkret şəkildə ifadə edib: “Avropada heç kim rublla qaz almayacaq!”

 

Nəhayət, Rusiya qazının Avropadakı ən böyük alıcısı və Putinin rəsmən “dost olmayan ölkələr” siyahısına salmasına baxmayaraq, hələ də Rusiya ilə bütün körpüləri yandırmaq istəməyən Almaniya belə Kremlin “qaz əvəzinə rubl” şantajına sərt təpki göstərib. Almaniya kansleri Olaf Şolts ölkəsinin Rusiyaya qarşı sanksiyalara birmənalı olaraq əməl edəcəyini bildirib və əvvəlcədən imzalanmış müqavilələr əsasında təbii qaza görə Rusiyaya yalnız dollar və avro ilə ödəniş edəcəklərini söyləyib.

Onu da qeyd edək kİ, Putinin hökumətə “rubla keçin” tapşırığından sonra Ukraynanın Xarici İşlər naziri Avropa ölkələrinə çağırış edərək, onları bu şantaja boyun əyməməyə çağırmışdı.

Xatırladaq ki, Putinin məlum qərarından dərhal sonra Avropada təbii qazın spot qiymətləri 17 faiz artaraq, 1340 dollara çatmış, rubl isə möhkəmlənməyə başlamışdı.

 

 

Lakin Rusiya tərəfinin bu şantajı çox qısa müddətli effekt verdi və Putinin məlum qərarına heç bir Avropa dövlətinin məhəl qoymayacağı məlum oldu. Rusiyadakı ura patriotların və Kremlin təbliğatçılarının Putinin bu “dahi” qərarından sonra uğradıqları qısa müddətli eyforiyası isə həmişəki kimi mənasız və gülünc sonluqla başa çatdı. İndi Rusiyanın iki yolu var: ya Avropaya qaz nəqlini dayandırmalı, ya da onu əvvəlki şərtlərlə satmaqda davam etməli, yəni Putin öz sözünü yeməlidir…

Rusiya iqtisadiyyatını bu gedişlə qarşıda defolt və çöküş təhlükəsi gözlədiyi nəzərə alınsa, Kremlin ikincı yolu seçəcəyi qaçılmaz görünür…

Bu, həm də o deməkdir ki, təbii qazın rublla satışını nəzərdə tutan və daha çox siyasi məqsədlər güdən, həmçinin rublun müvəqqəti də olsa dirçəlməsinə hesablanan bu təzyiq vasitəsi də gözlənilən effekti vermədi. Bu gedişlə tədricən Rusiya özünün yeganə ciddi dolanışıq mənbəyi olan təbii sərvətlərin satışından gələn gəlirlərdən də məhrum edilməyə başlayacaq.

Beləliklə, Putin Rusiyasının siyasi, hərbi, diplomatik manipulyasiyaları, yalan və şantajları kimi, enerji daşıyıcılarının dünya və Avropa üçün əhəmiyyətinə, vazkeçilməzliyinə dair iddiaları da getdikcə dəyərsizləşir.