Türkiyənin İsparta şəhərinin Eğidir bölgəsinə bağlı Gökçehüyük kəndində yaşayan 64 yaşlı Eminə Tüzün ad-soyadlı qadına traktoru ilə ötən ilin oktyabr-noyabr aylarında İstanbulda İyul Şəhidlər (Temmuz Şehitler Köprüsü) və Fatih Sultan körpülərindən (Fatih Sultan Mehmet Köprüsü) 6, İstanbul-Ankara və Mahmutbey-Edirne avtomobil yollarından 3 dəfə ödəniş etmədən keçdiyi əsas götürülərək yazılmış 476 min lirəlik cərimə ləğv edilib.
Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, buna səbəb cərimənin yalnış anlaşılma nəticəsində yazılması olub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Emine Tüzünənin etdiyi şikayətdən sonra araşdırmalara başlayıb. Kamera görüntülərindən müəyyən edilib ki, həmin yoldan 10 EE 111 Azərbaycan dövlət nömrə nişanlı avtomobil istifadə edib. Nazirliyin mətbuat xidmətindən verilən yazılı açıqlamada sözügedən nəqliyyat vasitəsinin Azərbaycan nömrəli avtomobil olduğu, problemin Azərbaycan və Türkiyə nömrəli nəqliyyat vasitələrinin eyni nömrə nişanından istifadə etməsindən qaynaqlandığı müəyyən edilib. Nəticədə cərimələr ləğv edilib.
Sonradan məlum olub ki, Azərbaycan və Türkiyə dövlət qeydiyyatlı avtomobil nömrə nişanları arasında qarşılıq olub. Həmin yollardan istifadə edən avtomobilin 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı maşın olduğu müəyyənləşib. Hər iki maşının nömrə nişanı eyni olduğundan cəza səhvən Eminə Tüzünə kəsilib.
Qaynarinfo-nun apardığı araşdırma nəticəsində məlum olub ki, əvvəllər 10 EE 111 dövlət nömrə nişanı “Rang Rover” markalı avtomobildə olub. Hazırda isə sözügedən dövlət nömrə nişanı “BMW 430” markalı avtomobildə istifadə edilir. Nəqliyyat vasitəsi Binəqədi rayon sakini Eldəniz adlı şəxsə məxsusdur.
İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydaları pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor şoferinə göndərilib.
Follow @7timesaz