Aktual

Rusiya ən ucuz nefti ixrac edir – Qiyməti daha da düşəcək

Rusiya ən ucuz nefti ixrac edir – Qiyməti daha da düşəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkənin neft ixracını da çətinləşdirdiyindən şimal qonşumuzun satdığı “qara qızıl”ın daha çox ucuzlaşmasına səbəb olur.
Sfera.az bildirir ki, ötən cümə günü birjalarda neft qiymətləri əsasən 100-110 dollar aralığında dəyişib. Amma Rusiyanın ixrac etdiyi neft markalarının dəyəri 73-93 dollar səviyyəsinə düşüb.
Son məlumatlara əsasən, Rusiyanın Şərqi Sibir (ESPO) neftinin dəyəri 73,7 dollar olub. Bu marka neft martın 9-da 111 dollara, martın 24-də 91 dollara, martın 31-də isə 79,3 dollara alıcı tapırdı. Son 20 gündə ESPO markalı neft 37,3 dollar, yəni 34 faiz ucuzlaşıb.
Şərqi Sibir neftinin əsas alıcılarından biri ABŞ idi. ABŞ rus neftindən imtina etdikdən sonra ESPO-da ucuzlaşma güclənib.
Müqayisə üçün bildirək ki, bu dövrdə Azərbaycanın satdığı (“Azeri Light”) neftin qiyməti 135 dollardan 112 dollara qədər geriləyib. “Azeri Light” neftində ucuzlaşma 23 dollar və ya 17 faiz olub.
Rusiyanın ixrac etdiyi SOKOL nefti martın 8-dən bəri 114 dollardan 93 dollara qədər ucuzlaşıb. Bu marka neft 18,4 faiz dəyər itirib.
“Urals” markalı rus neftinin qiyməti isə martın əvvəlindən indiyə qədər 16,3 faiz ucuzlaşaraq 83 dollara satılır.
Ümumilikdə, Rusiyanın ixrac etdiyi neft ən ucuz neftə çevrilib. Hazırda rus neftindən ucuz neftə rast gəlinmir. Rusiyaya qarşı sanksiyaların tətbiq müddəti uzandıqca və rus neftinin ixracı azaldıqca, şimal qonşumuz xammalını daha aşağı qiymətə təklif etməyə məcbur qalacaq.