Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun “Yeni Sabah”a müsahibəsi:
-Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycanda “beşinci kolon” üzvləri arasında aktivləşmə hiss olundu. Halbuki bundan əvvəl qeyd olunurdu ki, “beşinci kolon”un qarşısı alınıb. Sizcə, onlar indiki məqamda Azərbaycana hər hansı potensial təhlükələr vəd edirmi?
– Təbii ki, Rusiya güclənsəydi, bəli, onda qorxu olardı. Amma bu gün Rusiya uduzur deyə onlar gələcəklərini, itirə biləcəklərini nəzərə alıb bəlkə də açıq şəkildə Rusiyanın əleyhinə çıxarlar. Rusiyanın özündə də bir çox milyonerlər, o cümlədən oliqarxlar var ki, onlar Rusiyanın əleyhinə çıxırlar.
– Hazırda hökumət daxilində və Milli Məclisdə “beşinci kolon”dan qalanlar varmı?
– Əlbəttə ki, Azərbaycan parlamentinin 90%-i Rusiyanın razılığa ilə müəyyən olunub. Ona görə də təbii ki, Rusiyanın buradakı ən güclü dayağı Azərbaycan parlamentidir. Nazirlər Kabinetində uzun müddət vəzifədə olanların, eləcə də tayfa prinsipi ilə hakimiyyətdə qalanların böyük əksəriyyəti Rusiya ilə əlaqəli olan adamlardır. Kimlər ki, 20-30 ildir vəzifədədir, bunların hamısı da Rusiyanın Azərbaycandakı emissarlarıdır.
– Qayıdaq Rusiya-Ukrayna müharibəsinə. Bildiyiniz kimi, iki dəhşətli Dünya müharibəsindən sonra bəzi dövlətlər dünya xəritəsindən silindi. Bəs Ukrayna müharibəsindən sonra nə gözlənilir? Hansı yeni dövlətlər yarana, yaxud hansı dövlətlər tarix səhnəsindən silinə bilər?
– Ukrayna-Rusiya müharibəsindən sonra dünyanın nizamı dəyişəcək. Düşünürəm ki, BMT-nin yerində tamamilə bir-birindən fərqli beynəlxalq demokratik institutlar yaranacaq. Beynəlxalq hüquq da kifayət qədər sərtləşəcək. İkinci Dünya müharibəsindən sonra açığı dünya bu müharibədə qalib gələn tərəflərin nazı ilə çox oynayır.
Heç təsadüfi deyil ki, Rusiyanı BMT İnsan Hüquqları Şurasından çıxarıblar. Hətta onun BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılması məsələsi də müzakirə olunur. Çünki ilk növbədə, dünyanın ən güclüləri gərək qanuna hörmət etsinlər ki, kiçik dövlətlər də onlara baxsınlar. Amma indi tərsinədir. Böyük dövlətlər beynəlxalq hüququ nəzərə almırlar, istədikləri addımı atırlar, bu da dünyada ən real təhlükələri yaradır. Bunlar da Çin, ABŞ, Fransa, Almaniya, Rusiya və digər hegemon dövlətlərdir. Buna görə də beynəlxalq nizam dəyişməlidir ki, Rusiyanın törətdiyi bu hərəkətlər bir daha təkrar olunmasın.
– Bütün Rusiyanın patriarxı Kiril ötən gün bildirib ki, pravoslav kilsəsi və Rusiya Ukraynada dəccalın qarşısını alır. Nəzərə alsaq ki, ukraynalılar da xristianlığın pravoslav etiqadına sitayiş edirlər, bu zaman Kirillin bu açıqlamasını necə anlaya bilərik?
– Orada iki pravoslav kilsəsi var. Ukrayna pravoslav kilsəsi rus pravoslav kilsəsindən ayrılıb. Ukrayna ərazisində rus pravoslav kilsələrinin olmasıyla yanaşı, o cümlədən Ukrayna pravoslav kilsələri də var. Onlar ayrılanda rus pravoslav kilsəsi çox hay-küy etdi, amma buna baxmayaraq, onlar ayrıldılar.
Yəni faktiki olaraq Rusiyada din xadimlərinin çoxu sovet dönəmində KQB əməkdaşı olublar. Ona görə də bunlar ancaq hökumətin istənilən addımı müdafiə edəcəklər. Din xadimi hara, müharibəyə dəstək vermək hara? Din xadimi hara, bir xalqın başqa xalqı qırmasını dəstəkləməsi hara? Bu, onu göstərir ki, onlar din xadimindən çox dövlət işçiləri kimi çıxış edirlər.
Artıq Ukraynada rus pravoslav kilsələrinin hamısı bağlanır və keşişlər qovulur. Çox güman ki, qısa müddətdə Ukraynada rus kilsələrin fəaliyyətləri tamamilə dayandırılacaq.
Follow @7timesaz