Cəmiyyətimizi ən çox gileyləndiyi məsələlərdən biri də boşanmalardır. Amma maraqlısı odur ki, bu qədər gileylənməyə baxmayaraq boşanmaların sayı günü-gündən artır. Hamı problemdən danışır, həll yolunu göstərən isə demək olar ki, yoxdur.
Bir zamanlar ailələrin daha çox qaynana-gəlin, gəlin-baldız münasibətlərinə görə dağıldığını desələr də indi bu kimi səbəblər tarixə qovuşur.
Maraqlıdır, böyüklərimizin kiçik bir dövlət adlandırdığı ailələrdə nə baş verir? İldən-ilə artan boşanmalar nəyin nəticəsidir?
Sosial şəbəkələrdə insanlar arasında apardığımız araşdırmanın nəticəsində məlum olur ki, sən demə boşanmaların bir neçə əsas səbəbi var: xəyanət, iqtisadi-sosial çətinliklər, ailə içi şiddət…
Məsələ ilə bağlı Lent.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, boşanmaların əksəriyyəti zorakılıqla bağlıdır:
“Boşanmaların hamısının başında anlaşılmazlıq, xarici müdaxilə durur. Ailələrin özünün sərbəst qərar qəbul edə bilməməsi və ya büdcənin böyüklərdən asılı olması sonda boşanmaya gətirib çıxarır.
Bundan əlavə, zorakılığın təsirindən boşanmaların sayı günü-gündən artır. Boşanmaların digər səbəbi isə valideyn və ailə məsuliyyəti hissinin azalmasıdır. Ailə quran şəxslərin məsuliyyətlərin aşağı olması boşanmaya yol açır. Son zamanlar yeni ailə qurmuş cütlüklərin məsuliyyətdən qaçma halları çoxdur”.
Sədr boşanmaların digər səbəbini sosial rolların dəyişməsi, qadının cəmiyyətdəki rolunun artması ilə qiymətləndirir:
“Digər bir məsələ isə sosial rolların dəyişməsidir. Sosial rollarda qadın aktivliyinin artması, kişinin isə passivləşməsidir. Bu aktivlik müsbət hal kimi də qiymətləndirilə bilər. Amma tərəflərdən biri digərinin qarşısında hegemonluq edəndə ciddi qarşıdurma yaradır. Və boşanma ilə nəticələnir”.
Mehriban Zeynalova gəlin-qaynana münasibətindən danışarkən deyir ki, ailə içi qısqanclıqlar hökm sürür:
“İnsanların davranış dəyişikliyi var, elə bilirlər hamı edəni etsələr yaxşı olacaq. Yeri gəlmişkən, kifayət qədər davranış dəyişikliyi problemi var.
Ailə münasibətlərinə təsirindən danışanda narkomaniyanı unutmaq olmaz. Dözümsüzlük, etibar azlığı, biri-birilərini təqib etmək boşanmaların ən böyük düşmənidir.
Yəni müasir dövrdə boşanmaya kifayət qədər səbəblər var. Sadəcə mən tövsiyə edirəm ki, gənc cütlüklər psixoloqlara müraciət etsinlər.
Qaynana ilə gəlin arasında yaranan problemlər isə tamam başqa məsələdir. Belə ki, qaynana ilə eyni evdə yaşayan gəlinlər istəyirlər ki, ərləri ancaq onlarla mehriban olsun. Qaynana isə “oğul mənimdi” deyir. Belə mübahisələr sonra ayrı evdə yaşamağa, ən pis halda boşanma ilə nəticələnir”.
Psixoloqlar boşanmada qadın faktının çoxluğunu həm də artıq qadınların öz hüquqlarını bilmələri, təhsilli və iş sahibi olması ilə əlaqələndirir. Öz gücünü bilən qadın, qarşı tərəfin hüquq pozuntularına göz yummur. Ad da olur, xasiyyət uyğunsuzluğu. Bunu son on ilin qurulan və pozulan nikah saylarına nəzər yetirəndə aydın müşahidə etmək olur.
Psixoloq Gülər Məmmədova isə qeyd edir ki, bəzi qadınlar işə sahib olduqdan sonra boşanmaya meylli olurlar:
“Bəzi qadınlar həqiqətən müəyyən işə sahib olduqdan, yüksək məvacib aldıqdan sonra özlərini daha azad, daha müstəqil hiss etdiklərindən dolayı boşanmaq istəyirlər. Düşünürlər ki ”onsuz da bizim xarakterimiz üst-üstə gəlmir, onsuz da mən ondan ayrı yaşaya, özümü dolandıra bilərəm, onun aldığı məvacib də məni qane etmir” kimi fikirlərə qapılırlar”.
Bu da belə… Çalışaq ki, kiçik dövlətimizi dağıtmayaq.