Manşet

Nikol Paşinyanı çilik-çilik edən jurnalist: “Hardtalk” proqramı necə hazırlanır?

Nikol Paşinyanı çilik-çilik edən jurnalist: “Hardtalk” proqramı necə hazırlanır?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stiven Sakur-ayda 50 min dollar qazanan jurnalist…

Ermənistan Baş naziri Nikol Paşinyan BBC telekanalında yayımlanan “Hardtalk” (“Çətin söhbət”) verilişində aparıcısı Stiven Sakurun sualları qarşısında biabırçı vəziyyətə düşdü, jurnalist baş naziri çilik-çilik elədi.

Ermənistan mətbuatına baxıram. Həmin müsahibə haqqında elə təriflər yağdırırlar ki. Bəs, deyirdilər ki, Ermənistan mətbuatında fikir pluralizmi var. Yoxdur. Ermənistan elə həmin Ermənistandır. Sadəcə üz qabığı dəyişib, mahiyyət isə öz yerində qalıb. Zatən elə Stiven Sakur da onu deyirdi.

Stiven Sakurun Ermənistan haqqında bir neçə dəfə işğal və işğalçı (occupation and occupier ) ifadələrini işlətməklə Azərbaycan insanının ürəyindən tikan çıxardı, mat vəziyyətdə qalan Paşinyanın gözünü döyməkdən başqa çarəsi qalmadı. Mən ona da əminəm ki, heç bir azərbaycanlı jurnalist Stiven Sakurun nümayiş etdirdiyi peşəkarlığı bu səviyyədə ortaya qoya bilməzdi.

Stiven Sakur həftədə 3-4 dəfə Britaniyanın və dünyanın məşhur şəxsiyyətlərindən müsahibə götürür. Həmin müsahibələr gün ərzində bir neçə dəfə BBC World News TV kanalında nümayiş etdirilir. Həmin proqrama dünyanın 200-ə yaxın ölkəsində (demək olar ki, bütün dünya) 80 milyondan çox tamaşaçı baxır. Eyni zamanda həmin müsahibələr BBC World Service radiosu ilə yayımlanır. Müsahibələrin radio variantını 66 milyon dinləyici izləyir. Proqramın redaktoru Carey Clark zarafatla deyir ki, “Hardtalk” üzərində günəş heç bir vaxt batmır. Çünki onu bütün dünya izləyir.

Müqayisə üçün deyək ki, Britaniyanın ən populyar Bazar Günü Səhər proqramını heç 2 milyon tamaşaçı izləmir. Dünyanın istənilən media orqanı “Hardtalk”un beynəlxalq şöhrətinə həsəd apara bilər.
Proqramın redaktoru Carey Clark deyir ki, Stiven Sakurun şöhrəti kral ailələrini belə geridə qoyur. Hindistan və Afrikada insanlar ona ilahi varlıq kimi baxırlar.

Maraqlıdır ki, bu proqramın illik büdcəsi 1 milyon funt sterlinqdir (1.4 milyon dollar), bu isə belə səviyyəli proqramlar üçün qəpik-quruş sayıla bilər. Maliyyə ilə bağlı onu da deyək ki, Stiven Sakurun aylıq maaşı ilə bağlı rəsmi məlumat verilmir. Ancaq Britaniya mətbuatı yazır ki, onun aylıq maaşı 50 min dollardan yuxarıdır. 25 dəqiqə davam edən bu verilişi Stiven Sakur 2005-ci ildən bəri aparır. 1964-cü ildə doğulmuş jurnalistin ən azı 10-15 il də bu proqramda əsas rolu oynayacağı gözlənilir.

1997-ci ildən efirdə olan “Hardtalk” verlişində indiyə kimi 5 min nəfər tanınmış adam çıxış edib. Onların arasında diktatorlar da olub. Nelson Mandela, Mixail Qarbaçov, , Corc Buş (oğul), Donald Tramp kimi nüfuzlu siyasətçilər bu proqrama qatılıblar.

Təbii ki, bu proqramda ortaya qoyulan sualların hamısını jurnalist təkbaşına hazırlaya bilməz. Çünki həftədə 3-4 dəfə belə populyar veriliş hazırlamaq sadəcə mümkün deyil. Ona görə də Stiven Sakura bir qrup jurnalist kömək edir. Müsahibə götürüləcək şəxslə bağlı 20 səhifəlik yığcam material hazırlanır. Faktlar, sitatlar, statistik materiallar orada öz əksini tapır. Sakur zarafatla deyir ki, mən təpədən dırnağa qədər silahlanmış vəziyyətdə müsahibəyə başlayıram.

Qarşı tərəfin xahiş etsə belə müsahibə zamanı veriləcək suallar haqqında əvvəlcədən heç bir məlumat verilmir. Sualların konkret hansı mövzu ilə bağlı olacağı da bəlli olmur. Məsələn, Britaniyanın Baş naziri olmuş Toni Bleyr “Hardtalk”a müsahibə vermək üçün şərt irəli sürüb. Deyib ki, verəcəyiniz sualların hansı mövzuda olacağını öncədən bilmək istərdim. Onun bu istəyinə “yox” cavabı verilib. Nəticədə müsahibə baş tutmayıb.

Afrikada yerləşən Ekvatorial Qvineyanın diktatoru Teodoro Obiangə Stiven Sakurun verdiyi kəskin suallar hələ də yaddaşlardadır. Jurnalist ölkədəki diktatura rejimi, tayfanın həyata keçirdiyi korrupsiya əməlləri, siyasi müxalifətin həbslərdə işgəncələrə məruz qalması kimi məqamları özündə ehtiva edən kəskin suallar səsləndirib. Stiven deyir ki, diktatura rejimi mövcud olan ölkələrin jurnalistləri diktatorlara bu kimi suallar verə bilmirlər. Biz isə ələ düşən bu fürsətdən yararlanaraq onların da arzularını həyata keçiririk.

“Hardtalk”un tarixində aparıcıya hücum faktları da olub. ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor isə onu qan düşmənçiliyi aparan intiqamçı kimi xarakterizə edib.

Jurnalist ilə zarafat edən diktatorlar da olub. Məsələn, Venesuelanın keçmiş diktatoru Uqo Çaves əlindəki qılıncı jurnalistə göstərək deyib ki, bu qılınc Simon Boliverə (tarixi şəxsiyyət, qəhrəman) məxsusdur. Sən heç kimə demə, mən bu qılıncı muzeydən çırpışdırmışam.

Stiven Sakur həm də aktyor kimi filmlərə çəkilib. 2015-ci ildə “The Gunman”, 2018-ci ildə isə “Hard Sun” filmlərində rol alıb.
O, jurnalist kimi bir çox mükafatlara layiq görülüb. O cümlədən, 2010-cu ildə “İlin Beynəlxalq Televiziya Şəxsiyyəti” seçilib.
Jurnalist “Hardtalk” proqramının yaradıcı heyəti ilə zarafatlaşmağı çox sevir. Deyir ki, xoş ünsiyyətin iş əmsalını yüksəldir. O, ailəsi ilə birlikdə harasa gedib çadır qurmağı və gecəni çadırda keçirməyi xoşlayır. Əsil britaniyalı kimi əlbəttə ki, o, futbol azarkeşidir. Leeds United komandasının azarkeşləri sırasında yer alır. Özü isə tennis oynayır. Öz bağçasında işləməyi sevir. Deyir ki, mənim içimdə torpağa bağlı bir kənd adamı yaşayır.

“Siz xoşbəxt admsınızmı”, sualına Stiven cavabı maraqlı olub: ”Əgər sənin ailəndə hər şey yolunadırsa, sənin yaxşı işin varsa, sən özünü xoşbəxt hesab edə bilərsən. Mən dünyanın hər yerində olmuşam, varlıları da, kasıbları da görmüşəm. Bilirəm ki, insanın sevdiyi insanlarla müqayisədə dağlar qədər qalaqlanmış pul boş şeydir. Sevdiyimiz insanların dəyəri olmur. Pul, mülkiyyət nədir ki”.

“Gənc jurnalistlərə nə məsləhət görərdiz”, sualına verdiyi cavab da çoxlarına ruh verib: “Aclıq (nə isə öyrənməyə), qətiyyət və motivasiya jurnalist üçün əsas keyfiyyətdir. Jurnalistika imtahandan keçdikdən sonra karyera üçün müəyyən bir yolla getmək deyil. Sizə maraq, cəsarət və inam lazımdır. İnternet, kamera telefonları və sosial media sayəsində hər kəs xalq ilə ünsiyyət qura bilər. Ancaq tarixi proseslərin episentrində olmaq şans məsələsidir, əlinizə belə bir fürsət düşsə, qaçırmayın”.

Jurnalist 1992-ci ildə Zina Sabbaghla evlidir. Ailəsi haqqında mediada hər hansı məlumatın yayılmasına imkan vermir. Xanımı da jurnalistlərdən qaçır. Bəlli olan odur ki, onun 3 uşağı var. Yalnız qızı jurnalistikaya maraq göstərir.

Musavat.com