Həkimlərin əməkhaqlarının artırılaraq 1000 manata çatdırılması nəzərdə tutulur.
7Times.az xəbər verir ki, bunu mayın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2021-ci ilin yekunları və 2022-ci ilin ilk üç ayı üzrə fəaliyyətlə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, “”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa, reanimasiya, intensiv terapiya və digər şöbələrdə çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək.
Digər bir yenilik isə tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlıdır.
Zaur Əliyev qeyd edib ki, bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təkliflər hazırlanıb. Təkliflərdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda, gənc ailənin üzvü olmayan tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb.
O, Xidmətlər Zərfinə edilən dəyişikliklərdən də danışıb. Bildirib ki, hazırlanmış yeni layihədə daha 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulur.
Zaur Əliyev Şuşadan sonra işğaldan azad olunmuş 6 ərazidə – Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlı və Hadrutda da modul tipli xəstəxanların açılmasının nəzərdə tutulduğunu da bildirib.