Ölkə

Ekspert: “Azərbaycanın enerji-nəqliyyat dəhlizi kimi regionda rolu daha da artacaq” – FOTO

Ekspert: “Azərbaycanın enerji-nəqliyyat dəhlizi kimi regionda rolu daha da artacaq” – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xəzər regionunun karbohidrogen ehtiyatları, bu region üzərindən dünyaya açılan dəhliz, ixrac gücləri, neft təchizatı heç də Fars körfəzinin enerji ehtiyatlarından və bu körfəzdən dünyaya açılan enerji-nəqliyyat dəhlizlərindən geri qalmır”.

Bu barədə “Report”a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib.

“1991-ci ildən Xəzər regionunun karbohidrogen ehtiyatları daim dünyanın diqqət mərkəzində olub. Hazırda dünyada üç aparıcı enerji arteriyası mövcuddur. Birincisi Fars körfəzi ilə Asiya-Sakit okean ölkələrini birləşdirən enerji-nəqliyyat dəhlizidir. Bu dəhliz vasitəsilə Asiya-Sakit Okean bazarlarına gün ərzində orta hesabla 14 milyon barel neft ixrac edilir. İkincisi Rusiya ilə Avropanı birləşdirən enerji arteriyasıdır. Bu arteriya üzərindən gün ərzində tək xam neft ixracı orta hesabla 2,5-2,6 milyon bareldir. Üçüncü enerji arteriyası Kanada ilə ABŞ-ın neft emalı zavodlarıdır. Kanada ilə ABŞ-ı birləşdirən bu neft təsisatlarının gündəlik ixrac imkanları dörd milyon barelə yaxındır.

Xəzər regionu isə öz ehtiyatları və ixrac imkanlarının perspektivi ilə heç də Fars körfəzindən geri qalmır. Azərbaycanın formalaşdırdığı ixrac gücləri digər sadaladığım ölkələrin ixrac güclərindən zəif deyil. Əksinə, biz təchizatçı dövlət olaraq öz neft təsisatlarımız və ixrac güclərimiz vasitəsilə dünya bazarında süni qiymət artımına nail olmadan daim bazara müsbət siqnallar yönəldirik”, – deyə o qeyd edib.

Ekspert Azərbaycanın öz neft-qaz təsisatları və ixrac güclərinə görə digər ölkələrdən fərqinə də toxunub:

“Biz davamlı, dayanıqlı və təhlükəsiz tədarük imkanlarına malikik. Məsələn, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Qərb İxrac Boru Kəmərinin, Cənub Qaz dəhlizinin ixrac və tədarük imkanları digər ölkələrin neft və qaz ixrac gücləri və təsisatları ilə müqayisədə çox üstün mövqeyə malikdir.

Bu il Ukraynada baş verən hadisələrdən sonra Mərkəzi Asiya ölkələrinin çoxu Azərbaycan üzərindən dünya bazarlarına çıxır. Qazaxıstan neftinin müəyyən bir hissəsi, Türkmənistanın neft və neft məhsullarının böyük hissəsi, neft-kimya məhsulları, karbamid, müxtəlif markalı polietilen məhsulları, Özbəkistanın texniki kükürdü, karbamidi Azərbaycan üzərindən dünya bazarlarına tədarük edilir. Bu isə o deməkdir ki, Azərbaycan yeni enerji-nəqliyyat dəhlizi rolunu qarşıdakı illərdə daha da artıracaq”.

Z.Vəliyev bu yaxınlarda keçirilən Bakı Enerji Həftəsi və Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən də danışıb:

“Hazırda enerji bazarlarının yenidən qurulmasına, neft və qaz axın xəritəsinin yenidən cızılmasına start verilib. Dünyanın enerji təhlükəsizliyi üçün yeni mənbələrin tədqiqi, fəaliyyətdə olan ixrac güclərinin faydalı iş əmsalının, layihə gücünün artırılması məsələləri gündəmdədir. “Əsrin müqaviləsi” imzalanandan bəri Azərbaycanda enerji sahəsində müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu tədbirlərdə səsləndirilən fikirlər, yeni əməkdaşlıq platformaları, yeni əməkdaşlıq perspektivləri dünya enerji bazarlarına və qlobal enerji təhlükəsizliyinə daim müsbət siqnallar yönəldir. Bakıda keçirilən son tədbirin əhəmiyyəti qarşıdakı illərdə dünyanın enerji təhlükəsiziyinin təmin edilməsi baxımından öz təsirini göstərəcək. Bizim ixrac gücləri və təsisatlarımız qarşıdakı illərdə də öz cəlbediciliyini qoruyub-saxlayacaq”.