Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Elm, Texnologiya və Araşdırma Binasının Açılış Proqramında iştirak etmək üçün bu gün səhər saat 11:00 radələrində Kısıklıdakı iqamətgahından Boğaziçi Universiteti Kandilli Kampusuna yola düşüb. Bir müddət sonra kortej Küplüce səmtindəki Tomruk küçəsində dayanıb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, küçədə yeməkxana sahibi olan Saime və Adnan Yığcı cütlüyü Ərdoğanın kortejini saxladıb.
Bir müddət söhbət etdikdən sonra onlar Ərdoğanı ayın 26-da oğullarının toyuna dəvət ediblər.
“Yaxşı ki, korteji dayandırdım. Oğlumun bu ayın 26-da toyu olacaq. Onu toya dəvət etdim, dəvətnamə verdim. Bizi görəndə dayandı, söhbətləşdik, onu çox sevirəm. Ona telefonumu da yazdım, məmnuniyyətlə götürdü”, – Saime Yığcı deyib.
“Hər zaman dayanır. Bəzən əlimizi qaldırsaq belə dayanır, bəzən öz-özünə dayanır. Problemlərimizi də dinləyir. Toy dəvətnaməmizi də verdik”, – Adnan Yığcı əlavə edib.
Daha sonra Adnan Yığcı jurnalistlərə illər əvvəl Prezident Ərdoğanla çəkdirdiyi şəkli göstərib.