Manşet

Coşqun Eldaroğlu: Karantin sularının delfinləri

"İştirakçı sayı az qala 100 mini ötən Qarabağ aksiyasından 14 gün sonra yoluxma rəqəmlərində tərpəniş yoxdusa, insanlar nəyə inansınlar?"

Coşqun Eldaroğlu: Karantin sularının delfinləribackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin erasının ilk günlərində bu torpaqlarda başqa küləklər əsirdi. Başımız bir az da Novruz bayramından qalan şəkərbura-paxlavanın axırına çıxmağa qarışmışdı, bizi irəlidə gözləyən müsibətləri təsəvvür eləmirdik. Sonra qəfil hər şey dəyişdi. Sonra çox şey baş verəcəkdi. Yarım kilo kartof üçün SMS-lə icazə alacaqdıq. Bir az o tərəfdə sənə dünyanın ən yaxın adamı vəfat eləsə belə, onu son mənzilə yola sala bilməyəcəkdik. Evə qapanacaqdıq, ətrafı eyvandan seyr eləyə-eləyə yeganə təsəllimiz o olacaqdı ki, təbiət özünə gəlməyə başladığından,Venesiya sularına delfinlər qayıdıb…

Bizim karantin sularında başqa nəhənglər üzür. İnsanları yoran, əldən salan, aclıqla üz-üzə qoyan rejimin beşinci ayı tamam olur, altıncıya keçirik. Məntiqsiz qərarlar az qala hamının əsəblərini korlayıb. Təsəvvür eləyin, metronu bağlayıblar, avtobuslarda hamı ənzəli oynayır. Həftəsonu ictimai nəqliyyat işləmir, həftəiçi təkcə avtobus dayanacaqlarında böyük izdiham yaşanır. Rayonlara getmək olmaz, amma Bodrumda qəşəng qaralıb ölkəyə qayıda bilərsiniz…

Operativ Qərargahın üzvləri, brifinqdə jurnalistlərin qarşısına çıxanlar insanlarda bir ayrı qıcıq oyadır. Çünki səmimi deyillər, məsuliyyəti daha çox adamların çiyinlərinə yükləmək istəyi var. Bir adam çıxıb səhvini etiraf eləmir. Həftəsonu tam qapanma qərarı vermişdilər. Bundan sonra virusa yoluxma sayı kəskin artdı. Kimi günah çıxardılar? Söz yox ki, insanları. Dedilər ki, cümə günü hamı marketlərə qaçmasaydı, belə olmayacaqdı. Evlərə qapadılan insanlar neyləməliydi? Şənbə-bazar günləri evdə uşağına yeməyə nə verməliydi? Operativ Qərargah üzvləri, TƏBİB rəhbərliyi bu qayğılarla yaşasa, insanları belə rahat ittiham eləməzlər. Ayrı həyatlar yaşayırıq…

İttihamın biri də odu ki, insanlar virusa inanmır. Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı insanların evə qapadıldığı vaxtda Qubada, Qusarda dincəlirsə, hikinq fotoları çəkdirirsə, necə inansınlar? İyulun 14-də iştirakçı sayı az qala 100 mini ötən Qarabağ aksiyasından 14 gün sonra yoluxma rəqəmlərində tərpəniş yoxdusa, nəyə inansınlar? Rəqəmlər uzun müddət sabit qalırsa, şəffaflığa şübhə yaranırsa, hansı məntiqlə inansınlar? İndi o rəqəmlər daha çox hökumətin iradəsindən xəbər verir, nəinki gerçək mənzərədən. Ən azı adamlar belə düşünür.

İnsanların həyatı alt-üst olub. Beş ayda bir qəpik qazana bilməyən adamlar var. İnsanlar qəzəblidi. Operativ Qərargahın ən vacib məqamlardakı davranışı da ayrı qəzəb doğurur. Yumşalma ilə bağlı gözləntilərin ən yüksək həddə olduğu epizodlarda əks qərarar ortaya çıxır. İnsanlarda brifinqlərdə gördüyü simalara aşkar nifrət yaranıb. Sosial şəbəkələrdə onları lağa qoyan yüzlərlə videolar, fotolar paylaşılır. Karantin mərkəzlərindən yaxşı xəbərlər gəlmir. Müalicənin səviyyəsinin aşağı olmasını neçə pasiyent dilə gətirib. Nə qədər adam evdə “Arbidol”la müalicə olunur. Virusa yoluxanlar ev şəraitində işləyən yaşlı tibb bacılarının ümidinə qalıb. Karantin rejimi həll yoludusa, onda niyə effektini görmürük? Virusla mübarizənin görüntüsü var, özü yoxdu.

Sizə elə gəlmirmi ki, insanlar virusdan qorxmamağa başlayıb? Biz cərimələrdən qorxuruq. İndi bizi cərimə daha çox öldürə bilər. Cərimə insanların əlindən çörək parçasını qapıb almaqdı həm də…

Virusun da, karantinin də gedəcəyi günlər gələcək. Bəlkə gözlədiyimizdən də tez. Bircə sularda qayğısız üzən delfinlər qalsın…

Coşqun Eldaroğlu

7times.az