DƏFN ELƏ
Əgər cismim qismət olsa torpağa,
Apar, haqqım çatan yerdə dəfn elə!
Xəlvət yerdə darıxaram, elimin
Yolu, izi ötən yerdə dəfn elə!
O yerdə ki, iməklədim, yeridim,
O yerdə ki, ayaq tutdum, yürüdüm,
O yerdə ki, əzizləndim, böyüdüm,
Uşaqlığım itən yerdə dəfn elə!
O yerlərə üz qarası olmadım,
Qanqalın da çiçək kimi qoxladım,
Darıxanda qucağında toxdadım,
Dərdim,qəmim batan yerdə dəfn elə!
Tikan olub öz yurdumda bitim mən,
Əlim çatsın, kol-kosunu tutum mən,
Qoyma qürbət türbələrdə itim mən,
Doğmalarım yatan yerdə dəfn elə!
Məndən sonra nə qəmə bat, nə dərdə,
Elim harda, obam harda-mən orda,
El yolunda bir təpə var, bax orda-
Tər çiçəklər bitən yerdə dəfn elə!
Novruz Novruzov
7Times.az
Follow @7timesaz