Ermənistan üçün müstəqillik təhlükəsizlik və qonşularla müntəzəm münasibətlər deməkdir. AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan müstəqillik bəyannaməsinin qəbul edilməsinin 32-ci ildönümü münasibətilə təbrik müraciətində deyib.
“Hökumət Ermənistanın müstəqilliyi uğrunda hər gün mübarizə aparır. Müstəqillik bizim üçün təhlükəsizlikdir və onu təmin edən beynəlxalq mexanizmlər gözümüzün önündə çatlayır ki, bu da çox təəssüf ki, Qarabağda özünü büruzə verdi. Müstəqillik qonşularla tənzimlənən münasibətlər deməkdir. Bəzi qonşularla əla münasibətlərimiz olsa da, digərləri ilə ciddi irəliləyiş yoxdur. Çünki onlar bizdən çox yüksək qiymət istəyirlər, ya da elə bilirlər ki, çox şey istəyirik”, – Paşinyan deyib
Baş nazir qapalı şəkildə olsa da müttəfiqi Rusiyaya da söz atıb.
“Müstəqillik dövlət təfəkkürüdür, onun olmaması suverenliyi və təhlükəsizliyi puç edir. Müstəqillik hüquq sistemidir, qanun və hüququn aliliyidir. Müstəqillik bizim üçün güclü müttəfiqlik münasibətidir. Lakin müttəfiqlər həmişə təkcə bizim deyil, həm də bizə qarşı çıxanların da müttəfiqi olur. Qanuna hörmət etmək lazımdır, ondan yayınmaq lazım deyil”, – Nikol Paşinyan təbrik müraciətində deyib.
Follow @7timesaz