Ölkə

Prezidentin Əlcazair səfəri: E. Makrona, Fransa parlamentinə şillə kimi cavab – Təhlil  

Prezidentin Əlcazair səfəri: E. Makrona, Fransa parlamentinə şillə kimi cavab – Təhlilbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasına səfəri başa çatıb. Səfər bir çox baxımdan diqqət çəkdi. Səfərin ən diqqətçəkən məqamı isə şübhəsiz  Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etməsi oldu. Politoloq Turan Rzayev “7Times.az”a bildirib ki, ölkə başçısı bundan öncə də “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada, Astanada “Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”nin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında xüsusi qonaq qismində iştirak edib: “Onu da qeyd edim ki, Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına BMT Baş Katibi, Afrika İttifaqının sədri  və Islam Əməkdaşlıq Təşkilatının  Baş Katibi ilə birlikdə dəvət edilib. Əslində bu hal belə özlüyündə dövlət başçımıza olan hörmətin və onun beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir. Prezident İlham Əliyevin Zirvə toplantısında çıxışı da diqqət çəkib. Belə ki, prezident çıxışı zamanı “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib” deyib. Əlcəzairə səfəri çərçivəsində Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Bu gün bu dəhşətli hadisəni xatırlayarkən gələcəkdə belə fəlakətlərin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.

Prezidentin bu sözləri əslində Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Prezident E.Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi “sənədə” şillə kimi cavab oldu.  Məsələ ondadır ki, Prezident İlham Əliyev bu sözləri təkcə Azərbaycan prezidenti olaraq deyil, eyni zamanda Qoşulmama Hərəkatının sədri statusunda dilə gətirib. Ümumiyyətlə rəsmi Paris az qala hər vəchlə Azərbaycanı ittiham etməkdən geri durmur. Halbuki Fransanın yaxın tarixi başda Əlcazair xalqı olmaqla, bir çox müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlar ilə zəngindir. Misal üçün Əlcəzair 300 ildən çox Osmanlı nəzarətində qaldıqdan sonra 1830-cu ildə Fransa tərəfindən işğal edilib. Xüsusilə qeyd etmək lazımdır ki, Fransadan fərqli olaraq Osmanlı Əlcəzairi işğal etməyib. Əksinə Əlcəzair hökmdarı Xeyrəddin Barabaros öz istəyi ilə ölkəsinin Osmanlıya birləşməsi tələbilə İstanbula elçi göndərib. Digər tərəfdən bu gün Əlcazairdə türk dilini bilən insanların sayı çox azdır. Bununla belə Əlcəzairdə fransız dilində danışan insanların sayı çoxluq təşkil edir.

İşğalın ən böyük göstəricisi şübhəsiz işğalçının öz dilini müstəmləkə torpağında yaymağıdır. Digər tərəfdən, 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən öldürülüb. Təsadüfi deyil ki, Əlcəzair bu gün həm də “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Prinsip etibarilə Fransanın Əlcəzairdə bu qədər insanı öldürməsi əslində səbəbsiz deyildi. Çünki fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. Rəsmi Paris başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə Əlcəzairi Fransanın bir parçası, onun dənizarxası ərazisi sayılırdı.Fransa Əlcəzairdə törətdiyi cinayətlərə görə üzr istəməkdən imtina edir. E.Makron, hətta Əlcəzairin Fransanın müstəmləkəsi olmasından əvvəl bir millət olaraq mövcud olub-olmamasını şübhə altına alıb Əlcəzairdə hakimiyyətin hərbi-siyasi sistem tərəfindən idarə edildiyini iddia edib”.

Onun sözlərinə görə, Makronun 25 avqust tarixində Əlcəzairə səfəri zamanı 12 fransız və əlcəzairli tarixçidən ibarət qarşılıqlı komissiyanın yaradılması elan edilib. Lakin Fransanın bununla vaxt uzatmaq, məsələni tarixçilər səviyyəsinə endirməklə ona qarşı səsləndirilən ittihamları “tarixçilər tərəfindən iş aparılır” arqumenti ilə gündəlikdən çıxartmaq məqsədi daşıdığı aydındır. Çünki bu günə qədər proses icra edilməyib: “Digər bir maraqlı nüans isə tarixçilərdən ibarət komissiyanın bu məsələni araşdırmalı olduğunu tələb edən Fransa nədənsə “erməni soyqırımı” məsələsinə gəldikdə türk və erməni tarixçilərdən ibarət komissiyanın məsələni araşdırmasına ehtiyac görmür, birbaşa Türkiyə tərəfini soyqırım törətməkdə ittiham edir. Nəticə etibarilə Prezident İlham Əliyevin Əlcəzairə səfəri bir daha göstərdi ki, rəsmi Bakı başda Fransa olmaqla, ona qarşı irəli sürülən əsassız ittihamlara tarixi faktlar və reallıqlar ilə cavab vermək qüdrətindədir”.