Son zamanlar bəzi oğlan uşaqlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir. Müəyyən qisim uşaqlıqdan cinsi şəxsiyyət pozğunluğu ilə üz-üzə qalır. Valideynlərin bəziləri uşağını cinsiyyət ayrı-seçkisi güdmədən böyüdür, əksəriyyəti isə bu yöndə sərbəstliyini məhdudlaşdırmağa çalışır.
Müşahidə etdiklərimiz nədir – hormonal disbalans, yoxsa qərbdən gəlmə təfəkkür?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən androloq Həmid Mustafayev problemin kökündə ailənin dayandığını deyib:
“Bu problemlər ailədən, xüsusilə də analardan başlayır. Onlar oğlan uşaqlarını daim yanlarında saxlayırlar. Bəzən heç atalarının yanına buraxmırlar. Ona görə də bəzi oğlanlar qız kimi böyüyürlər. Əvvəllər oğlan uşaqları ataları ilə birlikdə gəzintiyə, yaxud balıq tutmağa, idmana gedirdilər, indi isə elə deyil. Anaları ilə gözəllik mərkəzlərinə yollanırlar”.
H.Mustafayevin sözlərinə görə, bunlar hamısı müasirliyin problemi, cinsi azlıqlara olan xüsusi qayğının fəsadlarıdır:
“Oğlanlarda 10-12 yaşda cinsi inkişaf dövrü başlayır. Bu dövrdə hormon yetməzliyi, testosteron əskikliyi varsa, bədən pozulur. Çanaq genişlənməyə başlayır, süd vəziləri böyüyür, köklüyə meyilli olurlar. Səsləri incələşir, davranışları zərif olur. Bu, testosteron çatışmazlığı ilə bağlıdır. Çünki testosteron xarakter formalaşdırır, güc mənbəyi hesab olunur. Testosteron nə qədər çoxdursa, uşaq da fiziki olaraq güclü olur.
İlk növbədə valideynlər üçün maarifləndirici çağırışlar edilməli, mütəmadi məlumat verilməlidir ki, oğlan uşaqlarını necə böyütmək lazımdır. Məsələnin ilk növbədə sosial tərəfi həll olunmalıdır. Oğlan uşaqları yetkinlik dövrünə qədər mütəmadi şəkildə uroloq nəzarətində olmalıdırlar”.
Həkim qeyd edib ki, proses nəzarətdən çıxanda geri dönüş mümkün olmur:
“Bu, insanın fiziologiyasında baş verən xəstəlikdir. Kişi kişi kimi böyüməlidir. Həm də təbliğatın verdiyi fəsadlardır”.
Endokrinoloq Emin Ağabalayev isə bunun fizioloji xəstəlik olmadığını deyir:
“Bu, əsasən psixoloji pozuntudur. Psixoloji deyəndə psixiatrik xəstəlik nəzərdə tutulmur. Burada sadəcə insanın tərbiyəsi, yaşadığı mühit, özünün düşüncələri nəzərdə tutulur.
Daxildə hormonal pozuntu olarsa, cinsi inkişafdan geri qalmalar varsa, bunlar qanda qadın hormonlarını artırır, o da öz təsirini göstərir. Burada psixoloji təsir var. Bu, xəstəlik deyil”.
Psixiatr Bəxtiyar Mustafayev isə oğlanların qız kimi davranmalarını xəstəlik yox, seçim hesab edir:
“Əvvəllər xəstəlik hesab olunurdu, indi isə yox. Hormonların müəyyən qədər rolu ola bilər. Hazırda bu, insanların seçiminə, həyat tərzinə çevrilib. Bəzi insanlarda özündən asılı olmadan yaranır. Elələri də var ki, özlərini normal hesab edirlər”.
B.Mustafayev belə davranışların sayının artmasının səbəbini sosial şəbəkələrlə əlaqələndirib:
“Yəqin ki, əvvəllər də çox olub. Lakin həmin dövrdə internet olmayıb, inkişaf etməyib. İndi isə özgüvən formalaşıb. Xəstəlik hesab olunmur. Bəzilərinin davranışı incə olsa da, hormonal bir problemləri olmur, yəni oğlanlara meyilli olmurlar. Lakin meyilin olması tam başqadır.
İndi sosial şəbəkələrdən hər şeyi görə bilirik. Bəzi saytlar sırf reytinq xətrinə bunu populyarlaşdırırlar. Daha əvvəllər onlara münasibət fərqli idi. İndi isə tamam başqadır. Sanki adiləşib”.
Follow @7timesaz