Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi 4,5 ildən sonra başa çatıb.
Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Qeyd olunur ki, boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.
Hazırda TAP konsorsiumu kommersiya əməliyyatlarının işə salınması ilə bağlı hazırlıqları başa çatdırır:
“TAP-ın Apuliya vilayətindəki “Snam Rete Gas” təbii qaz nəqli sistemi ilə birləşməsi üzrə işlərin bu ilin noyabrın sonunadək başa çatdırılması və qaz nəqlinə hazır olması gözlənilir”.
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
Follow @7timesaz