Cəmiyyət

Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİ

Hacı Şahin kolbasaya görə onu ittiham edənlərə CAVAB VERDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Burada tənqid olunası məqam görmürəm. Bizi müxtəlif şirkətlər məhsullarının hallalığına rəy vermək üçün dəvət edirlər. Biz də yerində məhsulun hazırlanması prosesini izləyirik. Məhsulun halal olub-olmaması ilə bağlı fikrimizi ifadə edirik”.

Bunu Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı hacı Şahin Həsənli kolbasa firmasını reklam etməsi ilə bağlı ittihamlara münasibət bildirərkən deyib.

Tanınmış din xadimi kolbasa şirkətini ziyarət etməsinin reklam olmadığını söyləyib:

“Bu, reklam deyil. Mən ömrüm boyu reklamla məşğul olmamışam. Bundan sonra da belə fikrim yoxdur. Çünki bu fəaliyyət istiqamətimizə ziddir. Qafqaz Müsəlmanlar İdarəsində bu məsələ ilə bağlı komissiya var. Halallığı müəyyən etmək üçün din xadimləri yerlərdə müəssisələri ziyarət edirlər. Mən də həmin kommisiyanın üzvüyəm. Burada təəccüblü bir şey yoxdur. Dünyanın bütün yerlərində din xadimləri bu məsələ ilə bağlı rəy verir. Təbii ki, məhsulun digər standartlara uyğun olub-olmamasını digər qurumlar müəyyənləşdirir”.

Hacı Şahin vurğulayıb ki, məhsul istehsalı ilə məşğul olan şirkətlər onlara etimad göstərdiklərinə görə dəvət edirlər:

“İnsanlar bizə etimad etdiyi üçün müraciət edib, suallar verirlər. Bu, bizim ziyarət etdiyimiz ilk müəssisə deyil. Bundan qabaq da bəzi müəssisələrdə olmuşuq və məhsulların halallığına zəmanət vermişik. Bizim orada çəkiliş aparmaq niyyətimiz olmayıb. Amma müəssisə öz məhsulunun halallığını göstərmək istəyib. Bunun da mənə aidiyyəti yoxdur”.

Cəmiyyətdə müxtəlif fikirli insanların olduğunu deyən hacı Şahin onu tənqid edənlərə də cavab verib:

“Təbii ki, cəmiyyətdə müxtəlif fikirli insanlar var. Hər bir insan müəyyən addım atdığı zaman onu bəyənənlər də, bəyənməyənlər də olur. Bəzi insanlar var ki, hər şeyi qaralamağa, tənqid etməyə adət ediblər. İctimai fəaliyyəti olan insanlar yerli-yersiz tənqid olunur. Ancaq insan əsaslı tənqid etməlidir. Bizim fəaliyyətimiz göz önünədir. Yenə deyirəm ki, dünyanın hər yerində din xadimləri məhsulların halallığına zəmanət üçün yerlərdə baxış keçirir. Biz dəvətə təmənnasız icabət edirik”.

Qeyd edək ki, tanınmış din xadimləri hacı Şahin Həsənli, hacı Surxay Məmmədli, hacı Eldayaq Hüseynov və hacı Natiq İsayevin ət məhsulları şirkətini ziyarət etməsi birmənalı qarşılanmayıb. Adları çəkilən şəxslərin şirkətin istehsalı olan kolbasa və sosislərin reklamında iştirakı tənqidlərə tuş gəlib. Sosial şəbəkələrdə çox sayda izləyici tanınmış din xadimlərinin kolbasa və sosis reklamında iştirakını pisləyiblər. Tənqidçilər bildiriblər ki, kolbasa və sosislərin tərkibinə donuz əti və piyi qarışdırılmasa, onu uzun müddət saxlamaq olmaz.