Ölkə

ABŞ niyə Azərbaycana səfir göndərmir… – ŞOK SƏBƏB

ABŞ niyə Azərbaycana səfir göndərmir… – ŞOK SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin mart ayının 16-da Azərbaycandakı ABŞ səfirliyinin fəaliyyətə başlamasının 31-ci ili tamam olur. Mərasim ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmadan baş tutacaq. ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən 2019-cu ildə təyin olunan Örl Litzbergerin səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb.

 

Litzbergerin ölkəmizi tərk etməsindən 8 aya yaxın vaxt keçməsinə baxmayaraq, ABŞ Azərbaycana yeni səfir təyin etməyib. 2022-ci ilin may ayının 25-də ABŞ Prezidenti Co Bayden Mark Libbi adlı diplomatı Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq, bu ilin yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılıb. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürüb.

 

Baydenin Azərbaycana səfir namizədi Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

 

Təklifin irəli sürülməsindən iki aya yaxın vaxt keçib, ancaq hələ də qəbul edilməyib. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin iyun ayının 22-də Bayden Kristin Kvinin Ermənistana səfir təyin olunmasını təklif edib, 6 ay keçməmiş Senat onun namizədliyinə razılıq verib və bu ilin fevral ayında xanım Kvin etimadnaməsini Ermənistan prezidentinə təqdim edib. Bayden administrasiyasının Rusiyaya sonuncu səfir təyinatı prosesi isə cəmi 3 ay çəkdi. Lin Treysinin Rusiyadakı səfir postuna sentyabrın 20-də namizəd kimi göstərilib, dekabrın 21-də Senat onun səfir təyinarına “yaşıl işıq yandırıb”.

 

Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi.

 

Bu müddət ərzində Prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etdi və bir ildən sonra Senat onun müddətinin uzadılmasına icazə vermədi. Erməni lobbisinin təsiri altında olan senatorlar Azərbaycan və Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq vermədi. Erməni lobbisi ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri olan Brayzanın həyat yoldaşının türk olmasını əsas gətirərək onun fövqəladə və səlahiyyətli səfir təyin edilməsinə imkan vermədi.

 

Bəs ABŞ-ın Azərbaycana səfir təyinatını gecikdirməsinə səbəb nədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Səməd Seyidov səfir təyinatının gecikməsində ermənipərəst qüvvələrin rolu olduğunu bildirib:

 

“Təəssüflər olsun ki, Amerika Birləşmiş Ştatlarının Konqresində, o cümlədən senatda ermənipərəst qüvvələr Azərbaycana qarşı iş aparırlar. ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri cənab Menendes birbaşa Azərbaycana qarşı işləyir. Onun Azərbaycana qarşı mövqeyi hamıya aydındır. Səfirlərin təyin olunması komitələrdən də keçməlidir. Həmin qruplaşmalar Azərbaycan-ABŞ münasibətlərini gərginləşdirmək istəyir. Səbəblərdən biri budur. Biz ABŞ-la əlaqələrimizi ən yüksək şəkildə təşkil etmişik, edirik və edəcəyik. Bu qruplaşmalar isə bizim münasibətlərimizə çox mənfi təsir edir. Ancaq inanıram ki, bunun da üzərindən keçə biləcəyik. Səfir təyininin təsdiq edilməsinin daha da uzanmasını istəməzdim. Ancaq heç nəyi istisna etmək mümkün deyil”.

 

Politoloq Fuad Çıraqov da vurğulayıb ki, səbəb hazırda senatda Menendesin davranışlarıdır:

 

“Menendesin birtərəfli, ermənipərəst mövqeyini gördük. Biz Ermənistana təyin olunan səfirə qarşı onun hücumlarını gördük. Onu konkret olaraq pressinq altında saxlamışdı. Ondan əlavə ötən ilin dekabrında Qafqazla bağlı senatda dinləmələr olub. Departmentin nümayəndələrinə qarşı münasibətini gördük. Azərbaycana qarşı ittihamlar irəli sürdü. Azərbaycanın guya ki, erməniləri sıxışdırması, onlara qarşı etnik təmizləmə siyasəti aparmasını iddia etdi. Ermənistana təyin olunan səfiri məcbur etdi ki, ötən ilin sentyabrında baş verən hadisələrin videolarını araşdırsın”. 

Onun sözlərinə görə, bu iki ölkə arasında münasibətlərə yaxşı təsir etmir:

 

“Hər şeydən öncə bu Amerikan siyasətində erməni lobbisinin necə at oynatdığını göstərir. Amerikanın regiondakı milli maraqlarına zərbə vurur. Proses hələ nə qədər uzanacaq, hazırda proqnozlaşdırmaq çətindir”.