Cəmiyyət

“Kupça” ilə bağlı YENİLİK

“Kupça” ilə bağlı YENİLİKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib.

7times.az-ın məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini, rəis vəzifəsini icra edən Nigar Alimova deyib.

“Prezident İlham Əliyevin 18 avqust 2020-ci il tarixli fərmanı ilə elektron çıxarışın məzmunu təsdiq edilib. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanuna edilən dəyişikliyə əsasən, 2019-cu ildən etibarən çıxarışlar kağız formada deyil, ərizəçilərə elektron formada təqdim olunur”, – deyə o bildirib.

N. Alimovanın sözlərinə görə, hüquq sahibi hüquq müəyyənedici sənədlərlə birlikdə daşınmaz əmlakın dövlət reyestrin ərazi idarələrinə müraciət edir və bu müraciətlər əsasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı həyata keçirilir və çıxarış hazırlanır: “Çıxarış hazırlandıqdan sonra isə hazır sənədlər elektron qaydada hüquq sahibinə ötürülür. Qeyd etmək lazımdır ki, əgər daşınmaz əmlak üzərində hüquqlar alqı-satqı müqaviləsi əsasında əldə olunursa, bu zaman ərizəçinin müvafiq reyestr strukturuna yaxınlaşmasına zərurət yoxdur. Notariuslarla aparılan onlayn inteqrasiya əsasında həmin alqı-satqı müqaviləsi və avtomatik generasiya olunan ərizə göndərilir reyestr strukturuna və bunun əsasında müvafiq çıxarışlar hazırlanır”.

Çıxarışların göndərilməsi qaydasına gəldikdə isə N. Alimova vurğulayıb ki, ərizəçilərin müraciət zamanı qeyd etdikləri mobil nömrələrinə çıxarış hazır olduqda SMS bildiriş göndərilir: “Bu SMS bildirişdə həm çıxarışın hazır olması, həmçinin müvafiq linkə daxil olmaqla hazır olan çıxarışı əldə etmək və çap etmək imkanı yaradılır. Sonuncu fərman nəinki elektron çıxarışın məzmunu və orda göstərilməli olan məlumatların dairəsini müəyyən edir, həmçinin çox mühüm digər tapşırığın icrası da həvalə olunub. Belə ki, bu fərmanla 2006-cı ildən 2019-cu ilədək dövrü əhatə edən intervalda verilən kağız çıxarışlar, yəni mülkiyyət və digər hüquqları təsdiq edən sənədlərin elektron şəkildə transformasiya olunmaqla onların “Elektron hökumət” informasiya sisteminə yerləşdirilməsi tapşırığı verilib”.

N. Alimova onu da qeyd edib ki, kağız çıxarışların məhv olması, itməsi halları ola bilər: “Bu halda əvvəlki dövrlərdə əgər yeni çıxarışın əldə olunması üçün polis orqanından arayış, qəzetdə elan tələb olunurdusa, yeni dəyişikliyə əsasən yalnız ərizə ilə müraciət olunmaqla qısa müddət ərzində elektron şəkildə çıxarışları əldə etmək mümkün olacaq”.

pravda.az