İranın məhbus jurnalistləri Nərgiz Məhəmmədi, Nilufər Həmidi və İlahə Məhəmmədi BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatının (UNESCO) Gilyermo Kano adına Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüblər.
“Report” xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.
UNESCO-nun KİV üzrə beynəlxalq jüri heyətinin üzvü Zeynəb Sələbi deyib ki, mükafata layiq görülən jurnalistlər həqiqəti bildirmək və çatdırmağa çalışıblar. Buna görə də ağır cəza alıblar.
Qeyd edək ki, Nərgiz Məhəmmədi Güney Azərbaycanın Zəncan şəhərindəndir. Tanınmış jurnalist və hüquq müdafiəçisidir. İranda bir sıra KİV-də işləyib.
Ötən ilin sentyabrında İranda başlayan etiraz aksiyalarına ilk qoşulanlardan və fəal iştirakçılarından olub. O, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Nərgiz Məhəmmədiyə 2022-ci il üzrə “Sərhədsiz Reportyorlar” Təşkilatının “Cəsarət Mükafatı” verilib. O, 2023-cü ilin yanvarında Olof Palme mükafatına layiq görülüb. Bundan başqa, Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb.
Nilufər Həmidi və İlahə Məhəmmədi Kanada Mətbuat Azadlığı Mükafatına layiq görülüblər. Nilufər Həmidi Məhisa Əminin qətli xəbərini yaydığı, İlahə Məhmmmədi isə onun dəfn mərasimindən reportaj hazırladığı üçün həbs olunublar.