Azərbaycanın su-melorasiya sahəsinin tanınmış mütəxəssisi Abid Nağıyev vəfat edib.
7Times.az xəbər verir ki, Pravda.az-ın məlumatına görə, o, 84 yaşında dünyası dəyişib.
A.Nağıyev Ağstafa rayonunda dəfn edilib.
Qeyd edək ki, A.Nağıyev 1939-cu ildə Ağstafa rayonunun Qırlı kəndində anadan olub. Əmək fəaliyyətinə 1960-cı ildən “Azərsutikinti” İdarəsinin Qazax rayon Tikinti Quraşdırma İdarəsində fəhlə-texnik kimi başlayıb.
1966-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Universiteti) təhsil alıb.
O, 50 ilə yaxın su-melorasiya sahəsində müxtəlif vəzifələrdə çalışıb.
A.Nağıyev 1991-1993-cü illərdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib. 1993-2000-ci illərdə yenidən “Azərsutikinti” İdarəsinin Ağstafa rayon TQİ-da rəis kimi, 2000-2003-cü illərdə isə “Azərsutikinti” Səhmdar Cəmiyyətinin “Ağstafasutikinti” törəmə müəssisəsinin baş mühəndisi vəzifəsini tutub.
O, 2006-cı ildən “Azdövlətsutəsərrüfatı” tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin TOMİQBM-nin nəzarətçi mühəndisi kimi çalışıb.
A.Nağıyev işlədiyi dövrdə Qazax və Ağstafa şəhərlərində çoxlu sayda yaşayış binaları, Qazax şəhər 1 nömrəli orta məktəbi, Qazax şəhəri Nərimanov qəsəbəsində orta məktəbi tikib istifadəyə verib. 1986-1987-ci illərdə tutumu 20 milyon kub metr olan Coğaz çayı üzərində su anbarı, Kəmərli kəndində su anbarı, 1984-1985-ci illərdə Şıxlı, Qaymaqlı və Kəmərli kəndlərinin torpaqlarını suvarma məqsədilə Kür çayından 4 pilləli nasos stansiya tikdirib, 1988-ci ildə 7 saylı Tikinti Quraşdırma İdarəsi üçün tikdirdiyi binanı Ağstafa rayonunda hazırda fəaliyyət göstərən Mərkəzi Xəstəxanası və poliklinikası üçün əvəzsiz olaraq verib, 1997-ci ildə Ağstafa şəhərinin içməli suya olan probleminin hall edilməsi məqsədilə Həsənsu çayından Ağstafa şəhərinə su xəttini çəkdirib.
1978-1979-cu illərdə Tovuz rayonu ərazisində Kür çayı üzərindən su anbarının tikintisini həyata keçirib, 14 nömrəli TQİ-nin daxili imkanları hesabına idarə işçiləri üçün 20 yaşayış binası tikib istifadəyə verib. Qazax və Ağstafa rayonlarında 100 km-lərlə suvarma sistemləri və irriqasiya obyektlərinin tikintisini həyata keçirib. Qırlı kəndinə gələn Kəhriz xəttini asaslı təmir edib.
A.Nağıyev 1982, 1987, 1995-ci illərdə Ağstafa rayon Xalq Deputatları Sovetinin deputatı seçilib.
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı il “Tərəqqi” medalı ilə təltif edilib.
Follow @7timesaz